52 N-li tam orta məktəb Bakı şəhəri Yasamal rayonunda yerləşir. Məktəb Məmməd İsmayıl Cuvarlinskinin adını daşıyır. 1966-cı ildən fəaliyyət göstərən məktəb 900 yerlikdir. Məktəbin binası bir tipli 3 mərtəbəlidir. 36 sinif otağı, idman zalı,akt zalı,fənn kabinetləri,laboratoriyaları kompüter otağları,tibb otağı,kitabxanası, bufeti var.Geniş həyətyanı sahəsi , yardımçı binası var. Məktəbdə hal-hazırda 36 sinif komplekti və 889 şagird təhsil alır . 70 müəllim kollektivi çalışır. Laçın rayonu 19 Nömrəli Məcburi köçkün məktəbi də 1992-ci ilin sentyabr ayından burda fəaliyyət göstərir. Məktəb 2010-cu ildə əsaslı təmir olunmuşdur. Məktəbin 10 şəhid olmuş məzunu var. Onlardan biri Milli qəhrəmandır. Pedaqoji kollektivimizin naliyyətləri də az deyil.Məktəbin direktoru Azərbaycan Respublikasının əməkdar müəllimidir.2 nəfər müəllimimiz " İlin Ən Yaxşı" müəllimi müsabiqəsinin qalibidir. Respublikanın müxtəlif Ali məktəblərinə qəbul olunan məzunlarımızın sayı qənaətbəxşdir.Hər il məktəbin məzunlarından 600 dən yuxarı bal yığanları olub. Məktəb idman sahəsində də uğurlar qazanmışdır.Şagirdlərimiz qonşu respublikalardan qalibiyyətlə dönmüşdür. Məktəb öz keçmiş məzunları ilə həmişə fəxr edir. Hal hazırda Respublikanın müxtəlif peşə sahələrində böyük uğurlar əldə edirlər.Onların içərisində bacarıqlı həkimlər,müəllimlər,mühəndislər və s. var.
Bakı şəhəri 53 nömrəli tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 1050 nəfər şagird tutumu üçün tikilib. Hazırda məktəbin 101 sinif komplektində 2847 nəfər şagird təhsil alır. Məktəbdə dərslər Azərbaycan və rus dillərində tədris olunur. Dərslər 2 növbədə 6 günlük tədris həftəsi üzrə keçirilir. Məktəb 2013-cü ildə Dövlət Proqramı çərçivəsində əsaslı təmir edilib. Məktəbdə 156 nəfər pedaqoji işçi çalışır.
2020-2021-ci tədris ilində məktəbin tarix müəllimi Əliyeva Səbinə Mais qızı BŞTİ -nin onlayn dərslərdəki nəzəri və təcrübi bilikləri digər müəllimlər arasında yaymaq məqsədi ilə elan etdiyi ən yaxşı "Onlayn dərs müsabiqəsi"ndə I yerə layiq görülüb. Məktəbin sinif müəllimi Abudova Səidə Əbilhəsən qızı 2021-ci ildə "Virtual məktəb" layihəsindəki səmərəli fəaliyyətinə görə Təhsil naziri Emin Əmrullayev tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Son üç ildə məktəbin məzunlarının ali məktəblərə qəbul nəticələrində artma dinamikası müşahidə olunur. Belə ki, 2021-2022-ci tədris ilində məktəbi bitirmiş 152 məzundan 109 nəfəri ali məktəblərə qəbul olub. Bu isə məzunların 71% ni təşkil edir. Onlardan 4 nəfəri 600-dən, 4 nəfəri isə 650-dən yuxarı bal toplayıb. 2022-ci ilin məzunlarından bir nəfər (Əsgərova Xədicə Əsgər qızı) hökümətlərarası təqaüd prqoramı əsasında Çin xalq Respublikasının Şanxay Universitetində diplomatiya fakultəsi üzrə tam təqaüd qazanıb Bir nəfər məzun isə (Aslanlı Zakir Zaur oğlu) DİM -in ali məktəblərə qəbul imtahanlarının blok fənnləri üzrə maksimum 400 bal toplayaraq tam orta təhsil səviyyəsini qızıl nişanla başa vurub.
2020-2021 və 2021-2022- ci tədris illərində məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevin anadan olmasına həsr edilən "Ən yaxşı təqdimat" müsabiqənin Respublika mərhələsində II və III - cü yerləri tutub. Son iki tədris ilində məktəbin komandası "Sabahın Alimləri" Respublika müsabiqəsində qalib olub. Məktəb 2022-ci ildə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsini - ümumi təhsil kateqoriyasi üzrə "Təhsilin inkişafında incəsənətin rolu" mövzusunda qazanıb.
Məktəb 2021-2022 ci tədris ilindən VI siniflərdə "Steam", VIII siniflərdə ortaq türk tarixi, 2022-2023 ci tədris ilindən isə rus bölməsinin V siniflərində Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi layihələrinə qoşulub.Adıçəkilən layihələr uğurla həyata keçirilir.Təhsil ocağında şagirdlərin elmi dünyagörüşünün formalaşması,yaradıcı təfəkkürün inkişafı,bilik və bacarığının möhkəmləndirilməsi məqsədi ilə "Kiçik Akademiya" fəaliyyət göstərir.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinə görə 53 nömrəli tam orta məktəb Bakı şəhəri üzrə 56-cı yerdə, Yasamal rayonu üzrə 9 - cu yerdə qərarlaşıb.
Məktəbdə yüksək tədris mühitinin yaradılmasına,keyfiyyətli təhsil şəraitinin təmin edilməsinə,şagirdlərə akademik biliklər verməklə yanaşı onların müstəqil düşüncəyə malik,milli mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşmasına,vətənpərvərlik,dövlətçilik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir.
Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəb 1976-cı ildən fəaliyyət göstərir. Məktəb əvvəlcə 1 korpusdan ibarət olmuş, 2005-ci ildən məktəbin 2-ci korpusu istifadəyə verilmişdir. Əsas korpus 840, köməkçi korpus isə 240 şagird yerlikdir. Məktəbin ilk direktoru Hənifəyeva Rima Abbas qızı olmuşdur. 2006-2007-ci tədris ilindən məktəbə direktor vəzifəsinə Abbasova Sahibə Namaz qızı təyin edilmişdir. Məktəbimiz 2008-2009 və 2015-2016-cı tədris ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı əsasında "Ən yaxşı ümumtəhsil Məktəbi" adına layiq görülmüşdür. Məktəb 2014-2015-ci tədris ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə əsaslı təmir edilmiş və məktəbdə yenidənqurma işləri aparılmışdır. 02.09.2014-cu il tarixdə Prezidenti cənab İlham Əliyev məktəbə gələrək təmirdən sonrakı vəziyyətlə tanış olmuş, pedaqoji kollektivə öz tövsiyə və tapşırıqlarını vermişdir.
Bakı şəhəri 55 nömrəli tam orta məktəb 1991-ci ildə fəaliyyətə başlamışdır. 2013/2014-cü tədris ilində məktəb yenidən tikilib istifadəyə verilmişdir. Məktəbdə həmçinin xüsusi siniflərdə nitq qüsurlu şagirdlər təhsil alır. Məktəb 5 günlük iş rejimi ilə bir növbədə işləyir və tədris Azərbaycan dilindədir. Məktəbdə 42 sinif otağı, avadanlıqla təchiz olunmuş 2 kompüter otağı, fizika, kimya, biologiya kabinetleri və laboratoriyaları, kitabxana, idman və akt zalı mövcuddur. Bəzi sinif otaqlarında “Prometan” elektron lövhə quraşdırılıb və tədris prosesində onlardan istifadə edilir. Məktəbdə 2019-2020-ci tədris ilində 77 müəllim çalışır, 804 şagird təhsil alır. 2015/2016-cı tədris ilində keçirilən "Ekoerudit" Məktəblilərin Respublika Ekoloji Breyn-Rinq bilik yarışında Xətai rayonu üzrə məktəbin komandası II yerə layiq görülmüşdür. Bundan başqa, şagirdlərimiz müxtəlif şeir və mahnı müsabiqələrində, idman yarışlarında fəal iştirak etmiş və mükafatlara layiq görülmüşlər. 2018-ci ildə "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə "Xüsusi siniflərdə (nitqi qüsurlu) təhsil alan şagirdlərin istedadının müəyyənləşdirilməsi, ilkin peşə ixtisas təhsilinə yönləndirilməsi" adlı layihənin qalibi olmuşdur.
Məktəb 1976-cı ildə istifadəyə verilmiş və 1982-ci ildə Ulu Öndər,Ümummilli lider Heydər Əliyev məktəbin az müddətdə qazandığı uğurlarla bağlı məktəbdə olmuş və təhsil işçilərinə öz dəyərli tövsiyələrini vermişdir. 2009-2010-cu tədris ilində keçirilmiş"50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində məktəbimiz qalib olmuşdur. Məktəbimiz əsaslı təmir və yenidənqurmadan sonra 4 avqust 2014-cü ildə istifadəyə verilmiş və möhtərəm Prezidentimiz İlham Əliyev cənabları açılışda iştirak etmişdir. Müəllimlərin sayı 70 nəfərdən ibarətdir. Məktəbdə təhsil alan şagirdlərin sayı 1000 nəfərdir. Bütün bayramlar,tarixi günlər,görkəmli elm,incəsənət və ictimai xadimlərlə,müharibə veteranları və İcra hakimiyyətinin nümayəndələri ilə təşkil olunan görüşlər təqdirəlayiq olur və mətbuatda işıqlandırılır.Müəllimlərimiz "İlin ən yaxşı müəllimi" müsabiqəsində,şagirdlərimiz isə fənn olimpiadalarında aktiv iştirak edir və idmanın müxtəlif növlərində,hərbi idman oyunlarının fəallarından olurlar.
Əsası 1930-cu ildə qoyulmuş şəhid Tahir Həsənov adına 57 N-li tam orta məktəbin məqsədi milli ruhda nümunəvi tərbiyə və təhsil sisteminin inkişafına xidmət etməkdir. Təhsil ocağının foyesində Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğısını əks etdirən fotostend və məktəbin adını daşıdığı şəhidin büstü qoyulub. Öz uğurlarını getdikcə artırmağa çalışan məktəbimizdə məzunlarımız yüksək nəticə göstərərək müxtəlif nüfuzlu ali məktəblərə qəbul olunublar. Ölkədə insan kapitalının inkişaf etdirilməsi ilə bağlı dövlərimizin həyata keçirdiyi konseptual ideyalar məktəbin timsalında da öz uğurlu bəhrəsini verməkdədir. Məktəbin şagirdləri arasında müxtəlif bilik və idman olimpiadalarının, həmçinin yarışların qalibləri daimi diqqət və qayğı ilə əhatə olunublar. Məktəbimizdə təlim-tərbiyə işi ilə yanaşı tarixi günlər, bayramlar qeyd olunur, fənn gecələri keçirilir, şagirdlərə vətənpərvərlik hissi aşılanır. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Məktəb 1 korpusdan ibarətdir və 1 növbəlidir. Hazırda məktəbdə 74 müəllim fəaliyyət göstərir, 878 şagird (məktəbəhazırlıq qrupunda 72 şagird) təhsil alır. Məktəbdə müasir tələblərə uyğun olan sinif otaqları, kitabxana, fənn kabinetləri, idman zalı, tibb məntəqəsi və bufet şagirdlərin istifadəsindədir. Kompüter avadanlıqları ilə təchiz olunmuş siniflər, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı hazır vəziyyətdədir. Şagirdlərimizin təlim-tərbiyəsi ilə məşğul olan fənn müəllimlərindən riyaziyyat müəllimi İlhamiyyə Cəfərova “Əməkdar müəllim” adına layiq görülüb. Digər bir müəllimimiz Vəlizadə Söylü “Qabaqcıl təhsil işçisi” nişanı ilə təltif olunub. Məktəbimizdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsini təmin etmək üçün kurikulumun tətbiqinə səyimiz artır. Dövlət başçısının məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya nəticəsində ölkəmizdə güclü təhsil infrastrukturu formalaşıb. Bütün bunların nəticəsi olaraq kollektivimiz milli və bəşəri dəyərlər üzərində qurulan təhsil modelinin reallaşdırılmasınının və gənc nəslin nümunəvi vətəndaş kimi formalaşdırılmasının təmin olunmasını qarşısına məqsəd qoyub.