0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin binası1897-ci ildə inşa edilmiş və II özəl Bakı Qızlar Gimnaziyası bu binada yerləşmişdir. Bu gimnaziya 1917-ci ilə kimi fəaliyyət göstərmişdir. Məktəb 15 dekabr 1921-ci ildə rəsmi olaraq ilk Azərbaycan Hərbi Gimnaziya məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır.1924-cü ildə isə gimnaziya yeni adla Zaqafqaziya Hərbi Hazırlıq məktəbi kimi fəaliyyət göstərmişdir. 1941-1945 ci illərdə isə məktəbin binasında hərbi hospital kimi fəaliyyət göstərmişdir. 1953-cü ildən bu günə kimi orta məktəb olaraq fəaliyyət göstərir.1960-cı illərin axırlarında məktəbə Böyük Vətən müharibəsi illərində həlak olmuş, məktəbin zabiti olan Namiq Axundovun adı verilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir olunmuşdur. Hal-hazırda 30 sinif otağı, 3 laboratoriya, 2 informatika kabineti və əlamətdar günlərin qeyd edilməsi, ədəbi-bədii gecələrin təşkili üçün nəzərdə tutulmuş böyük, geniş akt zalı mövcuddur. Məktəbin pedaqoji kollektivi 75 nəfərdən ibarətdir. Onlardan 73-ü ali təhsilli, 2-si orta ixtisas təhsilli müəllimlərdir. Məktəbdə 30 sinif üzrə 800 şagird təhsil alır. Məktəbdə tədris Azərbaycan və rus dillərində birnövbəli sistemlə aparılır və 5 günlük iş rejimi üzrə fəaliyyət göstərir.

Haqqında

1887-ci ildən fəaliyyət göstərən "H.Mahmudbəyovun məktəbi" adı ilə tanınan 2 nömrəli TH liseyi Bakıda ən qocaman məktəblərdən biridir. Lisey Bakıda fəaliyyətə başlayanda rus-tatar məktəbi adı ilə tanınaraq şöhrət qazanıb. Təhsil ocağı minlərlə istedadlı məzunları ilə Respublikamızın adını dünya ölkələrinə tanıdan şagirdlər yetişdirmişdir. Liseyin məzunları - tanınmış ədəbi şəxsiyyətlər,siyasi və ictimai xadimlər, müəllim, idmançılar ölkəmizdə və ölkəmizdən kənarda öz işləri ilə yüksək fəaliyyət göstərirlər. Liseyin binası B.Sərdarov 24A ünvanında yerləşir. Hal-hazırda liseydə 27 sinif otağı, idman zalı, zəngin kitabxana, akt zalı və yeməkxana şagirdlərin istifadəsindədir. Liseydə 505 şagird təhsil alır. İnformatika, riyaziyyat, fizika,ədəbiyyat, coğrafiya, biologiya kabinetləri mövcuddur. Liseydə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan 62 nəfər pedaqoji müəllim heyəti öz dərin bilik və bacarıqlarını şagirdlərdən əsirgəmir. Liseyimiz respublikamızda keçirilən fənn olimpiadalarında müxtəlif bilik müsabiqəsində, idman yarışlarında fəal iştirak edərək həmişə əvvəlinci yerləri tutmuşdur. 128 illik fəaliyyəti dövründə bu təhsil ocağı bu gündə əzmlə fəaliyyət göstərərək müstəqil dövlətimizin çiçəklənməsindən fəal iştirak edir.2011-ci il Liseyi qızıl medal ilə bitirmiş Əsgərli Zeynəb, 2012-ci il Hacı Eynar, 2011-ci il 696 ballı Əsgərli Aygün, 2013-cü il prezident təqaüdçüsü Vəlişova Günel və bu məzunları kimi daha yüzlərlə şagirdləri ilə fəxr edir.Liseyimizi qızıl medalla bitirmiş və qəbul imtahanlarında ən yüksək bal toplayaraq Prezident təqaüdü məzunları ilə liseyin adını ucaldır.

Haqqında

Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəb 1977-1978-ci tədris ilindən fəaliyyət göstərir. Bu müddət ərzində məktəbimiz bir sıra müvəffəqiyyətlərə imza atıb. 2009-cu və 2015-ci illər məktəbimiz üçün xüsusilə uğurlu il hesab etmək olar. Həmin il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Ən yaxşı ümum təhsil məktəbi” müsabiqəsinin qalibi olub. R.Əliyev adına 3 nömrəli tam orta məktəb 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən 2014-2015-ci tədris ilinin "Ən yaxşı ümum təhsil məktəbi" müəssisəsi adına layiq görülmüşdür.İkinci dəfə bu adın qazanılması bizə böyük sevinc bəxş etməklə yanaşı daha məsuliyyətlə,əzmlə işləməyə sövq etmişdir. Hazırda məktəbimizdə təhsil alan şagirdlərin sayı artıq 1286 nəfərə çatıb.

Təhsil ocağımızda müasir tələblərə cavab verən kimya və fizika fənləri üzrə laboratoriyalar, müasir tələblərə cavab verən idman zalı və hərbi kabinet, 3 informatika və 2 linqofon otağı, “Sağlam təhsil-sağlam millət” layihəsi əsasında hazırlanmış xüsusi sinif otağı, İKT avadanlığı ilə təmin olunmuş akt zalı, kitabxana, həkim otağı ilə yanaşı ulu öndər Heydər Əliyevin və şəhid R.Əliyevin həyat və fəaliyətini əks etdirən guşələr də fəaliyyət göstərir.Təhsildə yeni uğurlar qazanmaq məqsədi ilə dövlətimizin təhsil müəssisələrinə diqqəti yüksək səviyyədə özünü göstərməkdədir. Beləki, məktəbimizdə İKT avadanlıqları ilə təchiz olunmuş otaqlar, 13 ağıllı lövhə, 43 kompüter, 15 proyektor mövcuddur. Beləki, 2 günüuzadılmış və 4 məktəbə hazırlıq qrupları fəaliyyət göstərir. Pilot layihə əsasında I-IX siniflərdə rus dili intensiv tədris edilir. Məktəbimiz 2015- 2016-cı ildə birinci siniflərdə “Sağlam təhsil - sağlam millət”, I-IX siniflərdə rus dili üzrə intensiv tədris,”Təhsilin təmayüllər üzrə təşkili ”, Məktəb İcma Qurumlarının məktəblərdə təşkili layihələrinə qoşulub. Hazırda şagirdlərin təhsili və təlim-tərbiyəsi ilə böyük potensiala malik 139 nəfərdən ibarət müəllim kollektivi məşğul olur. Kollektivin 92%-i ali təhsillidirlər. Həsənova Sevinc Mirzağa qızı fizika üzrə fəlsəfə doktoru, Möhbalıyeva Aidə Mehman qızı Respublikanın əməkdar müəllimi, Abbasov Ziyafət Sabir oğlu Təhsil Problemləri İnstitutunun dissertantıdır. İki müəllimimiz - coğrafiya müəllimi İsgəndərova Şahsənəm Veysəl qızı və biologiya müəllimi Elyazova Məhsəti Cəfər qızı TQDK-nın ekspert qrupunun üzvüdür. Ş.İsgəndərova,İ.Nəbiyeva kurikulum islahatının həyata keçirilməsi istiqamətində birbaşa mentorluq fəaliyyəti ilə yanaşı eyni zamanda dərsliklərin hazırlanmasında rəyçidir. İki nəfər Hüseynova Mayisə Ağababa qızı və Əliyeva Afət Nəriman qızı “ İlin ən yaxşı ” müəllimi adına layiq görülmüşlər.

Son illər ərzində məktəbimizi bitirən istedadlı məzunların ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələr daha ürəkaçandır. Məktəbin məzunları Azərbaycan Respublikası ilə yanaşı Kanadanın, Böyük Britaniya və Şimali İrlandiya Krallığının, Rusiyanın, Polşanın, Türkiyənin, Koreyanın, Litvanın və digər dövlətlərin nüfuzlu universitetlərində təhsil alıblar. 2019-2020-cü tədris illərində məktəbimizi bitirən 43 məzundan 29 nəfəri tələbə adına layiq görülmüşlər ki, onlardan da 11 nəfəri 500-700 bal toplamışlar.Müəllimlərimiz şagirdlərin hərtərəfli inkişafına da qayğı ilə yanaşırlar. Bədən tərbiyəsi və fiziki hazırlığın möhkəmləndirilməsi, həmçinin yüksək səviyyəli idmançıların hazırlanması istiqamətində görülən işlərimiz də öz bəhrəsini verib. Dünyada və Respublika miqyasında keçirilən bir sıra yarışlarda şagirdlərimiz fəxri kürsünün pillələrində yer alıblar.

Məktəbbdə "Əyləncəli riyaziyyat", "Doğma yurdu gəzə gəzə", "Diyarşünaslıq", "Qarabağın tarixi", "Azərbaycan tarixi", "Musiqi sevənlər" dərnəkləri vardır. Sabahın alimləri kiçik EA , 2021-ci ildən STEAM fəaliyyət göstərir.

Haqqında

C. Cahangirov adına 4 nömrəli tam orta məktəb Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Məktəb binasının I mərtəbəsi 1914- cü, II mərtəbəsi 1927-ci ildə tikilmişdir. 1914-1927-ci illərdə bina qızlar məktəbi, uşaq bağçası, peşə məktəbi kimi fəaliyyət göstərmişdir. 1927-ci ildən etibarən isə bina ümumtəhsil məktəbi kimi fəaliyyət göstərir. 1994-cü ildə məktəbə Balaxanı qəsəbəsində anadan olmuş dahi bəstəkar Cahangir Cahangirovun adı verilmişdir. Bu illər ərzində məktəbi bitirən məzunlar respublikanın müxtəlif ali və orta ixtisas təhsil ocaqlarına daxil olmuşlar. Hal-hazırda məktəb məzunlarından 4 nəfəri təhsil ocağında müəllim kimi gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbdə 1075 şagird təhsil alır. 66 nəfərdən ibarət pedaqojı kollektiv təlim keyfiyyətlərinin yüksəldilməsini, fənlərin inteqrasiyasını, biliklərin yeni meyarlarla üzə çıxarılıb qiymətləndirilməsini, istedadlı şagirdlərlə işin qüvvətləndirilməsini,yeni təlim metodlarından geniş istifadə edilməsini başlıca vəzifələrdən biri hesab edir. 2013-2014-cü tədris ilində məktəb binası dövlətimizin qayğısı nəticəsində yüksək səviyyədə təmir olunmuş sinif otaqları, fənn kabinetləri, laboratoriyalar əyani və texniki vəsaitlərlə təmin olunmuşdur.

Haqqında

Bakı şəhəri 5 nömrəli tam orta məktəbin əsası 1970-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda irəli sürülən təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması tələbinə uyğun olaraq, Bakı şəhəri 5 və 292 nömrəli tam orta məktəbləri birləşdirilməklə yenidən təşkil edilmiş və onlar müvafiq olaraq 5 nömrəli məktəb adlandırılmışdır. Məktəbin məzunu olmuş Milli qəhrəman S.Hacıyevin adını daşıyan, bütün avadanlıqlarla təchiz olunmuş bu məktəbdə 2022-2023-cü tədris ilində 2102 şagird təhsil alır və onların təhsili ilə 135 müəllim məşğul olur. Məktəb “Məktəbin innovasiya fəaliyyəti təhsilin keyfiyyətinin əsas şərtidir! “ devizi altında ibtidai (1-4 siniflər), ümumi-orta (5-9 siniflər) və tam orta ( 10-11 siniflər) təhsil səviyyələrini əhatə etməklə 1 növbəli, 5 günlük iş rejimi ilə fəaliyyət göstərir. Məktəbdə xarici dil kimi şagirdlərə ingilis və rus dilləri və 2-ci sinifdən başlayaraq şahmat fənni tədris olunur. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Pedoqoji kollektivin 99% ali təhsilli müəllimlərdən ibarət olub, onlar içərisində “Əməkdar müəllim”, “Elmlər namizədi”, “Fəlsəfə doktoru”,”Tərəqqi medalı”na layiq görülmüş, “Qabaqcıl təhsil işçisi”ləri, “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibləri yer tutur. Ötən tədris ilində ümumi orta təhsil kursu üzrə şagirdlərin buraxılş imtahanlarının nəticələri də ürəkaçan olmuş və nəticələrə görə Bakı şəhəri üzrə reytinq cədvəlində 68-ci yerdə məskunlaşmışdır. 5 №-li tam orta məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü işlərdən biri də fənlərin tədrisi vəziyyətinin müasir tələblərə cavab verən inteqrativ, İKT əsaslı təlim metodlarına uzlaşdırılmasından ibarətdir. 5 N-li tam orta məktəb ötən tədris ilində məktəbin bir çox müəllimləri yuxarıda qeyd olunanları həyata keçirmək üçün Təhsil Nazirliyi, bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən təşkil olunmuş treninq və kursların iştirakçıları olmuş və müxtəlif innovativ layihələrlə bağlı sertifikatlara layiq görülmüşlər. Məktəb demokratik prinsiplər əsaslanan, şagirdlərdə liderlik qabiliyyətini inkişaf etdirən “ Uşaq parlamenti”, “Şagird elmi akademiyası” və bir sıra nazirliklər və cəmiyyətlər fəaliyyət göstərir. 5 №-li orta məktəb şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə də geniş yer verir. Yüksək peşəkarlıq səviyyəsində keçən bu tədbirlərin nəticəsidir ki, son 3 ildə xeyli sayda ictimai birliklər, fondlar, yerli və beynəlxalq qeyri-hökümət təşkilatları məktəb haqqında müsbət mülahizə və rəylər irəli sürmüşdür. Məktəbin zəngin kitabxanası mövcuddur. Kitabxanın ümumi fondu 51275ədəddir. Bakı şəhəri 5 N-li tam orta məktəb şagirdlərin bədii ədəbiyyata marağını artırmaq məqsədilə kitabxananın illik iş planına uyğun olaraq mütəmadi şair və yazıçılarla görüşlər keçirir, şagirdlərin iştirakı ilə səhnələşdirilmiş tamaşalar,kütləvi kitabxanalara ekskursiyalar təşkil edir. Məktəb təhsil sahəsində yeniliklərin reallaşması istiqamətində durmadan çalışır və bu sahədə işini davam etdirir.

Haqqında

Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən M.Rahim adına 7 nömrəli tam orta məktəb dünya üzrə 44 məktəbdən biridir ki, o 2009 -cu ildə " Novator Məktəblər Proqramında " iştirak üçün seçilmişdir.Bu da məktəbin qabaqcıl təlim texnologiyalarının səmərəli tətbiqinin önündə olması deməkdir. Bu sözlər " Microsoft Novator Məktəblər Proqramının Dəyərləndirmə Hesabatı" ndan götürülmüşdür ( 2010-cu il, iyun) M.Rahim adına 7 nömrəli tam orta məktəb 2009- cu ildə Microsoft Azərbaycan tərəfindən " Novator Məktəblər Proqramı "na təqdim olunmuş məktəblər içərisindən seçilmişdir. " Dünya İnnovativ Məktəblər " şəbəkəsinə qoşulmuş və dünyanın bir sıra məktəblərinin qabaqcıl təcrübələrini öyrənir. M.Rahim adına 7 nömrəli tam orta məktəb zəngin tarixi olan və bu gün müasirliyin önündə gedən qabaqcıl təhsil ocaqlarındandır. Məktəb ötən əsrin əvvələrində, yəni 1928-ci ildə ibtidai - orta məktəb ( I-VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris Kommunasının adını daşıyıb. Dərslər rus dilində keçirilib. 1940-1946 - cı illərdə məktəbin binasından hərbi hosbital kimi istifadə olunub . 1950-ci ildən başlayaraq 7 nömrəli məktəb Azərbaycan dilində tədrisə başlayıb. 1977- ci ildə xalq şairi M.Rahimin 70 illik yubileyində məktəbə onun adı verilib. Məktəb " 2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən " Elektron məktəb " pilot layihəsinə daxil edilmişdir. Layihənin həyata keçirildiyi müddətdə tədris prosesinin təşkili və idarəolunmasında bir sıra müsbət dəyişikliklər baş vermişdir. Elektron jurnalların tətbiqi müəllimlərin valideynlərlə əlaqəsi, şagird nailiyyətlərinin valideynlər tərəfindən əldə edilməsi asanlaşmışdır. SMS vasitəsilə şagirdlərin qiymətləri haqqında valideynlərin məlumatlandırılması , elektron tədris resurslarının istifadəsi mövcuddur. Məktəbdə 2008-2012- ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində " 1 şagird : 1 kompüter " layihəsi tətbiq olunur. Təhsil Nazirliyinin və İntel Korporasiyasının birgə təşəbbüsü olan bu layihə məktəblilərə həm dərsdə, həm də evdə istifadəsi üçün netbuklar verilmişdir. 2008-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyi və " British Council Azerbaijan" tərəfindən həyata keçirilən " İngilis dilinin intensiv tədrisi " layihəsi çərçivəsində məktəb bir sıra uğurlara imza atmışdır. Həmin layihə məktəbin bütün siniflərini əhatə edir. Müəllimlərimiz elmi-metodik bilik və vərdişlərini gücləndirmək məqsədilə treninqlərdə iştirak edir, şagirdlər beynəlxalq layihələrdə iştirak edirlər. 2010-cu il 19 may , BŞTİ tərəfindən həyata keçirilən " TƏHSİL , ZAMAN VƏ BİZ" adlı layihəsində 7 nömrəli məktəb " İnnovativ məktəb" kimi təmsil olunmuşdur. Bu layihədə iştirakın əsas məqsədi təhsildə innovativ layihələri nümayiş etdirmək idi. Məktəb 7 ildir ki, " Partners in Learning Network"-Dünya innovativ məktəblər şəbəkəsinə üzvdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”ndə “Təhsildə 3D texnologiyaların tətbiqi” layihəsi ilə qalib olub.