Məktəbin ikimərtəbəli əsas tədris korpusu 1935-ci ildə, digər yardımçı birmərtəbəli tədris korpusu 2001-ci ildə tikilmişdir. 2006-cı ildə əlavə olaraq hər biri ikimərtəbəli olmaqla 2 yeni korpus inşa edilmişdir. Əsas tədris korpusu 2011-ci ildə əsaslı təmir olunmuşdur. Məktəb Qarabağ şəhidi Qəhrəman Qəhrəmanovun adını daşıyır. Pedaqoji işçilərin sayı 65 nəfərdir. Onlardan 55 nəfər ali təhsilli, 10 nəfər orta ixtisas təhsillidir. Şagirdlərin sayı( məktəbə hazirlıq qrupu ilə birlikdə) 985 nəfərdir. Müxtəlif olimpiadalarda və müsabiqələrdə şagirdlər uğurla iştirak edirlər: 2008-ci ildə Respublika Kimya Olimpiadasının qalibi adına, 2011-ci ildə Azərbaycan dili və Ədəbiyyat fənn olimpiadasının şəhər mərhələsində I yerə layiq görülmüşdür. 2015-2016-cı tədris ilində məktəbin 19 məzunu ali təhsil müəssələrinə qəbul olmuşdur.2016-2017-ci tədris ilində məktəbin 16 şagirdi ali təhsil müəssələrinə qəbul olmuşdur.Onlardan 3 nəfəri 500 baldan yuxarı nəticə göstərib.2018-2019 cu tədris ilində məktəbin 16 şagirdi ali təhsil müəssələrinə qəbul olmuşdur.
Üç əsrin şahidi-67 nömrəli tam orta məktəb birinci iki sinifli Sabunçu–Balaxanı Ramana qarışıq tipli məktəb olub.
XIX əsrin II yarısında müstəmləkə əsarəti altında olan Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında mühüm dirçəliş baş verir. Xarici kapital axını ölkənin aparıcı sənaye sahələrindən biri olan neft sənayesinin inkişafına təkan verir. Neft sənayesi və digər sənaye sahələrini əhatə edən dirçəlişi maarif və təhsilin inkişafına da şərait yaradır. Bakı sənaye mərkəzi olmaqla bərabər, imperiyanın Cənubi Qafqazda başlıca mədəniyyət mərkəzinə çevrilir. Qabaqcıl Avropa ölkələrinin universitetlərində təhsil almış demokratik fikirli ziyalıların hakimiyyətin təhsil sahəsinə diqqət artırması yeni dünyəvi məktəblərin açılmasını tələb edirdi.
Milli burjuaziyanın qabaqcıl nümayəndələrindən olan Hacı Zeybalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarovun təşəbbüsü və vəsaiti hesabına qabaqcıl Avropa ölkələrinin nümunəsində məktəblərin açılması üçün əməli işlər görür və müsəlman uşaqlarının da bu məktəbdə oxumasını təmin edirlər. Bakı neft maqnatlarının birgə təşkilatı hesab edilən Neft Sənayeçilərinin Qurultayı Bakı və ətraf kəndlərdə məktəblərin açılmasında fəal iştirak edirdi. Neft Sənayeçilərinin Qurultayının qərarı ilə belə məktəblərdən biri də, Balaxanı–Sabunçu-Ramana neft mədənlərində çalışan fəhlələrin uşaqları üçün yaradılan iki sinifli ilk məktəb oldu. Qurultayın qərarı ilə 1897-ci ildən bu məktəb Sabunçuda fəaliyyətə başladı.
Əsası 1897-ci ildən qoyulmuş məktəbimiz ilk dərs ilində 2 müəllim olmaqla 73 nəfər şagirdlə fəaliyyətə başlayıb. Bu siniflər qarışıq olmaqla burada çalışan qeyri-müsəlman fəhlələrin uşaqları üçün nəzərdə tutulub. Milli Dövlət Arxivində aparılan tədqiqatlara görə burada əsasən rus, erməni, yəhudi, tatar fəhlələrinin uşaqları oxuyurdu. Tarixi məlumatlara görə Xalq Maarifi Nazirliyinin 1915-ci il yanvarın 1-nə olan hesabatına görə, burada I siniflərdə 150 oğlan, 104 qız, II siniflərdə isə 75 oğlan, 80 qız təhsil alıb. Məktəbin bütün məsrəfləri Neft Sənayeçilərinin Qurultayının vəsaitləri hesabına ödənilib. 1920-ci ildən başlayaraq sovetləşmə dövründən həyata keçirilən mədəni quruculuq tədbirləri məktəbimizdən də yan keçməyib. Bu illərdə artıq məktəbdə azərbaycanlı uşaqlar da təhsil almağa başlamış, ikisinifli birinci məktəbli adı dəyişdirilmişdir. 30-cu illərin sonu 67 nömrəli məktəb natamam məktəb statusunu alıb. 1941-1945-ci il böyük vətən müharibəsi dövründə məktəb 2140 nömrəli təxliyə hospitalına çevrilmiş, yüzlərlə yaralı əsgərin yenidən sağlamlığına qovuşmasında yaxından iştirak edib. 1989-cu ilə qədər məktəbdə təhsil yalnız bir dildə-rus dilində aparılıb. Həmin ildən etibarən, rus bölməsi ilə yanaşı, Azərbaycan bölməsi də yaradılıb.
90-cı illərdə təhsil sahəsində əldə edilmiş nailiyyətlər və şagird sayının artması ilə məktəb, orta məktəb statusu alaraq yeni əsrə qədəm qoyub və daha böyük nailiyyətlərə imza atıb. Əvvəllər kiçik bir tədris korpusundan ibarət olan məktəbdə aparılan tikinti işləri nəticəsində 1996-cı ildə 2-ci korpus, 2006-cı ildə 3-cü korpus inşa edilib. Lakin bütün bunlar məktəbdə şagird sıxlığını tam aradan qaldıra bilməmişdir. 3 əsrin şahidi olan məktəb 10 minlərlə gəncin yetişməsində böyük rol oynayıb. 1918-1926-cı illərdə təhsil almış, dövrün görkəmli ictimai-siyasi xadimi Nikolay Konstatinoviç Baybakov belələrindəndir. Dünya neft sənayesi tarixində dərin iz buraxmış, keçmiş SSR-nin müxtəlif yüksək vəzifələrində ləyaqətlə çalışmış, Azərbaycanın ümumilli lideri, ulu öndər Heydər Əliyevin yaxın dostu Nikolay Konstatinoviç Baybakovun xatirəsini əbədiləşdirmək məqsədi ilə 3 mart 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Həmin sərəncama müvafiq olaraq Prezident İlham Əliyevin tapşırığı ilə 67 nömrəli tam orta məktəb üçün 4 məktəbli 800 şagirdlik yeni tədris korpusunun tikintisi qərara alınıb. 2016-2017-ci tədris ilindən etibarən yeni tədris korpusu kollektivin ixtiyarına verilib.
2017-ci ildə məktəbimiz 120 illik yubileyini qeyd edib. 1897-ci ildə 2 müəllim, 2 sinifdən, 73 nəfər şagirddən ibarət olan bu məktəb, indi 160 müəllimin (148 daimi, 12 əvəzedici müəllim) çalışdığı, 3240 şagirdin (I-XI siniflərdə 3016 nəfər, məktəbəqədər siniflərdə 224 nəfər) təhsil aldığı elm ocağı kimi təhsilimizə öz tövhəsini verməyə davam edir.
68 №-li tam orta məktəb Sabunçu rayonunun Mehdi Hüseynzadə 31 (Musabəyov 31) ünvanında yerləşir. Məktəb 1914–cü ildə inşa olunub, qızlar məktəbi kimi fəaliyyət göstərmişdir. Müharibə zamanı hərbi hospital kimi istifadə olunub, daha sonra 1948-ci ildə yenidən məktəb kimi fəaiyyət göstərmişdir.
1995-ci ildən məktəbə Ağdam şəhərinin Baş Qərvənd kəndində gedən ağır döyüşlərdə qəhramancasına şəhid olmuş Bəhmənov Zakir Yusif oğlunun adı verilmişdir.
Məktəb əsas tədris korpusundan və əlavə korpusdan (idman zalı, akt zalı) ibarətdir. Əlavə korpus olan idman zalı və akt zalı yenidən tikilərək 2016-ci ildən məktəbin fəaliyyətinə verilmişdir.
Məktəb 5 günlük iş həftəsində 2 növbə fəaliyyət göstərir. Məktəbdə Azərbaycan və Rus bölmələri var. Hal-hazırda məktəbdə 9-u ibtidai, 14-ü yuxarı sinif olmaqla 23 sinif fəaliyyət göstərir.
Məktəbdə hər ay müntəzəm olaraq müxtəlif tədbirlər, Dövlət bayramları, dəyirmi masalar təşkil olunur.
Məktəbin kitabxana, informatika, kimya, fizika kabinetləri, tibb otağı, akt zalı, idman zalı şagird və müəllimlərin xidmətindədir.
Məktəbin şagirdləri Respublikanın nüfuzlu ali məktəblərinə daxil olurlar. Məktəbin məzunlarının ali məktəblərə qəbul faizi hər il bir ötəkindən daha yüksəkdə olur.
Məktəbin pedoqoji kollektivi tədris prosesində təhsilin keyfiyyətinə, şagirdlərin bilik və bacarıqlarının formalaşmasına, vətənpərvərlik ideyasına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaşlar və şəxsiyyətlər yetişdirməyə çalışır.
Məktəb 1907-ci ildə inşa edilmişdir. Görkəmli satirik şair Mirzə Ələkbər Sabir bu məktəbdə dərs demişdir. Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən bu məktəbin fəaliyyəti 1935-ci ildən genişlənmişdir. Məktəb 450 yerlik və üç mərtəbəlidir. Məktəbdə 81 nəfər müəllim və 3 nəfər rəhbərlik çalışır. Onlardan 67 nəfəri ali, 14 nəfəri isə orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 56 sinfində 1318 şagird təhsil alır. Siniflərdə şagirdlərin orta sıxlığı 24 nəfərdir. Məktəb üzrə müəllimlərin orta dərs yükü 24 saatdır və bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb altı günlük iş rejimində, 2 növbədə işləyir. Sinif komplektlərinin sayı 56 olmaqla birinci növbədə 36, ikinci növbədə 20 sinif yerləşdirilmişdir. Məktəbin binası 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir.
Bakı şəhəri Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəb 1980-ci ildə istifadəyə verilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq məktəb 2021-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilib, 720 şagird yerlik əlavə korpus tikilərək istifadəyə verilib.
1993-cü ildə Ağdam cəbhəsində erməni silahlı birləşmələrinə qarşı döyüşdə qəhrəmanlıqla həlak olan Milli qəhrəman Misirxanov Elxan Sərxan oğlunun adını daşıyan təhsil ocağının girişində onun şərəfinə büst ucaldılıb. Milli qəhrəmanın büstü ilə üzbəüz isə, məktəbin həm l Qarabağ, həm də ll Qarabağ müharibəsində şəhid olmuş məzunlarının barelyefi olan abidə yerləşir.
Yeni korpusun 1-ci mərtəbəsinin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü qoyulub. Üç mərtəbəli əsas və dörd mərtəbəli yeni tədris binalarında 67 sinif otağı var. 1796 şagirdin təhsil aldığı məktəb iki növbəlidir. 105 müəllim heyəti çalışır. 9 fənn kabineti, 6 laboratoriya, 2 İnformatika otağı, 1 "Eko" otaq var. Əksər sinif otaqlarında proyektor quraşdırılıb və kompüterlə təmin olunub. Fənn kabinetləri lazımı təchizatla təmin edilib. Bütün bunlar müəllim və şagirdlərə İKT-nın nailiyyətlərindən istifadə etməyə şərait yaradır. Məktəbin zəngin kitabxanası var. Böyük idman zalı və Akt zalı var. Akt zalında vaxtaşırı tədbirlər keçirilir. Böyük idman meydançası şagirdlərin ixtiyarına verilib.
Bakı şəhəri üzrə 73 nömrəli tam orta məktəb iki korpusdan ibarətdir. Məktəbimizin I korpusu 1975-ci ildə inzibati bina kimi tikilib.1995-ci ildə bu inzibati 3 mərtəbəli binanın yalnız bir mərtəbəsi uyğunlaşdırılaraq ibtidai sinif məktəbi kimi fəaliyyət göstərmiş,1996-cı ilin sentyabrın 2-dən hər 3 mərtəbəsi uyğunlaşdırılmış orta ümumtəhsil məktəbi kimi fəaliyyət göstərmişdir. Yeni korpus isə 2006 cı ildə tikilib. 34 sinif otağından ibarət olmaqla 750 yerlikdir. Məktəbin 500-dən yuxarı balla ali məktəblərə qəbul olan məzunları var. Hazırda məktəb üzrə 70 ştatda olan müəllim var. 2022-2023-ci dərs ilinin I yarımilinin əvvəlində məktəb şagirdlərinin sayı 965-dir.