0702133333

0702133333

PASCALdan DELPHIyə
Kateqoria: İnformatika Texnologiyaları
Dil: Azərbaycan
Müəllif: Zakir Məhərrəmov
Nəşriyyat: KTABYURDU.ORG
Nəşr yeri: KTABYURDU.ORG
Nəşr ili: 2022
Səhifə: 0
Kitab nömrəsi: 1
ISBN: 0
Yeni nəşr: Bəli
Paylaş: | Yüklə

Kitab ilk növbədə Turbo Pascal və Delphi dillərini öyrənən ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur. Kitabda Object Pascal dili şərh olunmuş, obyektyönlü proqramlaşdırmanın prinsipləri izah edilmişdir. 300–ə qədər geniş əhatəli çoxlu məsələlər həll edilmiş, müfəssəl izahatlar proqram mətnləri ilə müşayiət olunmuşdur. Əhatə olunmuş mövzular ətraflı izah edilmiş, oxucunun dərin və dərrakəli vərdişlər almasına kömək edir ki, bu da müxtəlif xarakterli məsələləri sərbəst həll etməyə, Turbo Pascal və Delphi–yə aid əlavə kitablardan maneəsiz istifadə etməyə imkan verir. Nəzəri materialların və həll edilmiş məsələlərin sadə izahı Turbo Pascal və Delphi dillərini bilməyən, onu sərbəst öyrənmək istəyənlərin, məsələlərin zənginliyi isə Windows əlavələri yaratmaqla məşğul olan istənilən mütəxəssislərin bu kitabdan istifadə etməsinə imkan verir.

Delphi hal–hazırda bütün dünyada ən geniş yayılmış və ən perspektivli obyektyönlü proqramlaşdırma dilidir. Təəssüflər olsun ki, ölkəmizdə bu dil çox da geniş yayılmamışdır. Hətta, bu azmış kimi, qeyri–peşəkarlar arasında belə fikir formalaşmağa başlamışdır ki, guya bu dil öz ömrünü yaşamış və artıq səhnədən getmək üzrədir. Buna da səbəb kimi, Delphi dilinə alternativ olaraq, C ++ və Java dillərini qarşı qoyurlar. Hər bir dilin öz təyinat sahələri və üstünlükləri vardır. Söhbət hər hansı bir fiziki qurğuya drayver yazmaqdan gedirsə, onda əlbəttə, Delphi Sizə kömək edə bilməyəcək, bu halda müstəsna olaraq C++ dili tətbiq edilməlidir. Bu və ya digər tətbiqi məsələləri həll etdikdə, çoxfunksiyalı əlavələr yaratmaq zərurəti ortaya çıxdıqda isə Delphi əvəzsiz bir dildir. 30 ildən artıq bir müddətdə ən müxtəlif elmi–texniki və mühəndis xarakterli məsələlərin proqramlaşdırılması və proqramlaşdırmanın tədrisi ilə məşğul olan bir mütəxəssis kimi deyə bilərəm ki, Delphi–də proqramlaşdırma ilə məşğul olduqdan sonra, mənim qarşımda yeni bir proqramlaşdırma dünyası açıldı. Delphi–nin meydana gəlməsi proqramçıların illərlə xəyallarında yaşatdıqları bir arzunu reallaşdırdı. Bu dil nəinki, sadəcə olaraq məsələni proqramlaşdıraraq son nəticələri almağa imkan verir, bu dildə proqramlaşdırma prosesi özü proqramçıya həm də mənəvi zövq və həzz verir. Bu dildə proqramlaşdırma ilə yanaşı, ənənəvi proqramlaşdırmaya heç bir aidiyyəti olmayan vizual konstruksiyalaşdırma işləri paralel olaraq yerinə yetirilir. İşin bir hissəsi konstruksiyalaşdırma formasında, digər bir hissəsi proqramlaşdırma formasında yerinə yetirilir. Proqramlaşdırma işlərinin çox böyük bir hissəsini isə tamamilə öz öhdəsinə götürərək, bizim əvəzimizdən, Delphi yerinə yetirir. Mən belə yüksək avtomatlaşdırma səviyyəsinə malik olan ikinci bir dil tanımıram. Delphi–yə aid oxuduğum ədəbiyyatların əksəriyyətinin müəllifləri də bu fikirdədirlər. Məhz Delphi–yə olan bu həvəs və marağım, onun həm də həmvətənlərimə öyrədilməsi arzusu, məni vadar etdi ki, Delphi– yə aid kitab yazım və 2004 – cü ildə Delphi–yə aid ilk dərs vəsaiti nəşr olundu. Əslində Delphi proqramlaşdırma dili deyil, proqramlaşdırma mühitidir, sistemidir. Delphi–nin proqramlaşdırma dili Pascal dilinin müstəsna olaraq obyektyönlü versiyası olan Object Pascal dilidir. Delphi–yə yol Pascal–dan keçir. Ona görə də, bu dəfə dərs vəsaiti üzərində yenidən işlədikdə qərara gəldim ki, kitaba Turbo Pascal 7.0 dilini əlavə edim. Bu, həm çoxsaylı tələbələrimin arzu və təkliflərinə cavabdır, həm də, digər tərəfdən, Pascal dilini bilmədən Delphi–ni öyrənmək mümkün deyil. Pascal dilini mükəmməl öyrənmək üçün isə, zənnimcə, o ayrılıqda öyrənilməlidir. Bununla da tələbə son nəticədə daha böyük nailiyyət əldə edir – dərhal iki sərbəst dil öyrənir. Kitabda Turbo Pascal dili çox anlaşıqlı misallar üzərində izah edilmiş, proqramlaşdırma üçün xarakterik olan alqoritmlər ümumiləşdirilmişdir. Çoxlu mürəkkəb məsələlərin proqramları bu kitabda həll edilmiş sadə nümunəvi məsələlərin proqramlarından ibarət olur. Object Pascal dili isə kitabın ikinci hissəsində şərh olunmuşdur. Burada əsas diqqət Turbo Pascal dilindən fərqli cəhətlərə yönəlmiş, obyektyönlü proqramlaşdırmanın prinsip və xüsusiyyətləri çox ətraflı izah edilmişdir. Pascal dilini bilənlər bu bölmələri oxumaya bilər, lakin mən məsləhət görərdim ki, hər kəs bu kitabı, tanışlıq kimi, əvvəldən axıradək bir dəfə oxusun, sonra isə öz seçimini etsin. Şəxsən mən, istənilən kitabı əvvəldən axıradək gözəyarı bir dəfə oxuyuram – sanki, nəyi, harada axtarmağı özüm üçün müəyyənləşdirirəm, sonra isə hər bir paraqrafı dönə–dönə oxuyuram. Bundan başqa, hər hansı bir dili öyrənmək üçün bir kitab heç vaxt kifayət edə bilməz, çoxlu kitablar içərisindən Sizin asan qavradığınız, ürəyinizə yatan 3–4 kitabı seçib onları təkrar–təkrar oxumaq lazımdır. Kitabda 300–ə qədər misal nümunələri verilmişdir ki, bunlardan təqribən yüzü tam hazır proqramdır. Delphi–də isə 40 tam hazır layihə yerinə yetirilmişdir. Həll edilmiş məsələlərin əhatə dairəsi çox geniş olduğu üçün, Delphi–də proqramlaşdırmanın əsas prinsipləri əks etdirilmişdir. Bu kitab məlumat kitabı deyildir, müəllif, tələbələrə proqramlaşdırmanın prinsiplərini öyrətməyi qarşısına məqsəd qoymuşdur. İndiyədək Delphi–yə aid elə bir kitab yazılmamışdır ki, onun çoxsaylı komponentlərini tam əhatə etmiş olsun. Delphi–də proqramlaşdırma sonu olmayan bir prosesdir və heç kim deyə bilməz ki, mən Delphi dilini tam bilirəm. Kitabda verilmiş izahatlar, həll edilmiş bütün məsələlər Delphi–nin bütün versiyaları üçün doğrudur. Bu məsələlərin bəziləri vaxtilə Delphi 4, əksəriyyəti isə Delphi 7 versiyalarında həll edilmişdir. Həmin məsələlər hətta Delphi 2006 versiyasında da problemsiz olaraq işləyir. Yeri gəlmişkən qeyd edim ki, Delphi yalnız Windows əməliyyat sistemi mühitində deyil, həm də Linux və Kylix sistemləri mühitində problemsiz işləyir. Nəhayət dil ilə əlaqədar bəzi məsələlərə toxunmaq istəyirəm. Son zamanlar, doğma dilimizdə informasiya texnologiyasının öyrənilməsi ilə əlaqədar xeyli dərs vəsaiti və kitablar nəşr olunmağa başlamışdır. Əlbəttə, bu sevindirici haldır, hərçənd ki, bunu proqramlaşdırma dillərinə aid etmək olmaz. Lakin, bu kitabların arasında elələrinə rast gəlinir ki, onların elmi səviyyəsi bir yana qalsın, hətta Azərbaycan dilində izahı təəssüflər doğurur. Burada nəinki, terminlərdə anlaşılmazlıq vardır (bu daim mübahisə doğuran problemdir), hətta çoxlu dil və üslub qüsurları vardır. Dərin hörmət bəslədiyim zəngin dilimizi təhrif etməyə heç kimin haqqı yoxdur. Mən bu kitab üzərində işləyərkən çalışmışam ki, onu dilimizin formalaşmasında böyük xidmətləri olan M.P. Vaqifin, M.Ə. Sabirin, S. Vurğunun, C. Məmmədquluzadənin, C. Cabbarlının, Ü. Hacıbəyovun və başqalarının danışdıqları dilə yaxın bir dildə yazım. Buna nə dərəcədə nail olduğuma Siz hökm verə bilərsiniz. Terminlərə gəldikdə isə onu deyə bilmərəm ki, bu terminləri mən daha düzgün ifadə etmişəm – mən bu fikirdən tamamilə uzağam – lakin, çalışmışam ki, terminləri onların mahiyyətinə uyğun olaraq istifadə edim. Proqramçılar çox yaxşı bilir ki, proqramlaşdırma dillərinin əlifbası klassik latın dilinin əlifbasından ibarətdir. Bizim əlifbamızda isə bu əlifbaya yeni hərflər daxil edilmişdir. Proqramlaşdırma zamanı kompilyator həmin hərflərdən istifadə etməyə icazə vermir. Doğrudur, mən əksər proqramların məlumat xarakterli mətnlərində, proqram sətirlərinə şərhlər yazdıqda, bu mətnləri dilimizdə olduğu kimi yazmışam, lakin, Siz bu proqramları kompilyatorda yığdıqda, həmin hərfləri digər hərflərlə əvəz etməlisiniz. Bəzi hallarda isə buna əməl etmək mümkün olmamış (bu adətən dəyişənlərin adları ilə əlaqədardır) və belə mətnlər proqramın nəticəsi kimi şəkillər formasında verilmişdir. Bu halda “ş” hərfi əvəzinə “sh”, “ç” əvəzinə “ch” və ya “c” və s. yazılmışdır. Belə məcburi xarakterli çatışmazlıqlara görə üzr istəyirəm.