89 nömrəli tam orta məktəb 1947-ci ildən fəaliyyət göstərir. 1964-cü ildə tikili istifadəyə verilmişdir. 2011-ildə əsaslı təmir olunaraq 12 sinif otağdan ibarət yeni əlavə korpus tikilmişdir. Məktəb 1000 nəfər şagird tutumuna malikdir. Hal-hazırda məktəbdə 2020 şagirdin təlim tərbiyəsi ilə 81 nəfər müəllim kollektivi məşğul olur. Müxtəlif olimpiadalarda və müsabiqələrdə şagirdlər uğurla iştirak ediblər. 2017-2018-ci tədris ilində 89 №li tam orta məktəbin IX sinfi bitirən məzunların buraxılış imtahanlarının nəticəsinə görə reytinq cədvəlində 104 pillə irəliləmişdir. Məzunlarımızdan 4 məzun fərqlənmə attestatı, 1 məzun xüsusi nümunəli attestat və qızıl medala layiq görülmüşdür. Məktəbi bitirən məzunlardan 36 nəfəri müxtəlif Ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Belə ki, məktəbimizin məzunu Həsənova Şayxanım Aydın qızı ən yüksək nəticə göstərərək 700 bal, Məmmədova Aytac Abuzər qızı Respublika fənn olimpiadasında I yerə layiq görülərək qızıl medalla və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunmuşdur.
Məzunlardan 4 nəfər 600-dən yuxarı bal toplamışdır. Həsənəova Şayxanım 700 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Dadaşev Əbdülağa 695 balla Bakı Ali Neft Məktəbi, Məmmədova Aytac 692 balla Bakı Dövlət Universiteti, Abdullayeva Fidan 634 balla Azərbaycan Dillər Universitetinə qəbul olmuşlar. Bunlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür.Həmçinin məktəbimizin məzunu Lalə İbrahimova prezident təqaüdünə layiq görülərək adı “Qızıl kitaba” yazılmışdır
Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülüb, onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbimizin müasir tədris avadanlığı ilə təchiz olunan yeni korpusunda 40 sinif, 2 informatika, 4 əmək təlimi otağı, hərbi, musiqi kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, kitabxana, idman və akt zalları, 2 yeməkxana yaradılıb. Bu təhsil ocağında 2006-cı ildə inşa edilən 288 şagird yerlik tədris korpusu və idman zalı da əsaslı təmir edilib.
90 nömrəli tam orta məktəb üçün yeni qazanxana, nasosxana, hər birinin tutumu 100 kubmetr olan 2 yeraltı su anbarı inşa edilib, həyətyanı sahədə abadlaşdırma, işıqlandırma və yaşıllaşdırma işləri görülüb.
Məktəbdə 2466 şagirdin təlim-tərbiyəsi ilə 108 müəllim məşğul olur.Şagirdlər daim psixoloq nəzarəti altındadır. Onların sağlamlığına məktəbin tibb bacısı nəzarət edir. Məktəb kitabxanasında işlər müasir tələblərə uyğun təşkil edilmişdir. Kitabxanada oxu zalı yaradılmışdır. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər də qənaətbəxşdir. Təhsilin məzmun və keyfiyyətinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir- metodik işlərin səviyyəsi artırılır, açıq dərslər və qarşılıqlı dərs dinləmələri təşkil edilir, dəyirmi masalar və görüşlər keçirilir. Milli kurikulumun tətbiqi ilə əlaqədar olaraq müəllimlərin xüsusi təlimlərdən keçmələri təmin edilir. Müəllimlərin kurikulum ilə işləmə prinsipi, yeni metod va texnologiyalarin yaradıcı şəkildə tətbiqi ilə bağlı məsuliyyətləri artırılır.
Məktəb rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edərək yüksək nəticələr əldə edir. Məktəbin şagirdlərinin Bakının görməli və tarixi yerlərinə (vətənpərvərlik abidələrinə, muzeylərə, teatrlara, zooparka, botanika bağına və s.) ekskursiyaları təşkil olunur.
Məktǝbin idarə olunmasında valideyn və şagird kollektivi də yaxından iştirak edir. Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin tədris planlarının təsdigi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən məktəbdə müxtəlif təmayül sinifləri yaradılmışdır.
Məktəbdə məktəbəhazırlıq qrupları faaliyyət göstərir. Məktəbdə sağlam mənəvi-psixoloji mühit yaradılmışdır ki, bu da təhsilin keyfiyyətinin artırılmasına müsbət tasir göstərir.
Məktəbimiz 2020-ci ildən "Rəqəmsal bacarıqlar" layihəsinə qoşulub . Bu layihə III- VIII siniflərdə tətbiq olunur. 2021-ci ildən məktəb STEAM layihəsinə qoşulub. STEAM layihəsinin tədrisi VI və VII siniflər üzrə tətbiq olunur.
Səbail rayonu 91 nömrəli tam orta məktəb 1937 -ci ildən fəaliyyət göstərir .Vaxtı ilə hərbi hospital olan bina sonradan uyğunlaşdırılmış və təhsil ocağı kimi fəaliyyətinə davam etmişdir. Məktəbdə 41 sinifdə 1025 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 müəllim məşğul olur. Müəllimlər arasında təcrübəli , peşəkar, öz fənnini sevən, müəllim sənətinin vurğunu olanlar çoxdur. Məktəb öz nailiyyətlərinə görə 2011-ci ildə "İlin ən yaxşı məktəbi " adına layiq görülmüşdür. Hər bir məktəbin adını orada təhsil alan məzunlar şərəfləndirir. 91 № li məktəbin də şərəfli, şöhrətli məzunları çoxdur. Onlar Azərbaycanda və respublikamızdan kənarda doğma Azərbaycanımızın şərəfini ləyaqətlə ucaldırlar. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır, məktəb 2 ( iki ) növbəlidir. Məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədris planına əsasən I-IV siniflərdə şahmat dərsləri keçirilir. Məktəbdə şahmat kabineti fəaliyyət göstərir. Azərbaycan təhsilində aparılan hər bir təhsil islahatı məktəb kollektivi tərəfindən rəğbətlə qarşılanır və uğurla həyata keçirilir. Məktəbin özünəməxsus ənənələri vardır. Fənn aylıqları, qabaqcıl təcrübənin öyrənilməsi, gənc müəllimlərin maarifləndirilməsi ildən-ilə təkmilləşir. Məktəbdə aparılan hər bir sinifdənxaric, məktəbdənkənar tədbir yüksək səviyyədə keçirilir və bu tədbirlər gənc nəslin dünyagörüşünün genişlənməsinə xidmət edir. Məktəbin maddi-texniki bazası zəngindir. Məktəbdə 2 (iki ) informatika , tarix, biologiya, ədəbiyyat , kimya, fizika , rus dili kabinetləri vardır. Kabinetlər lazım olan əyani vəsaitlərlə təchiz edilmişdir. Məktəbdə günüuzadılmış qrup fəaliyyət göstərir. Dərsdən sonra ibtidai sinif şagirdləri həmin qrupda toplanaraq öz bilik və bacarıqlarını inkişaf etdirirlər. Məktəbin zəngin kitabxanası var ki , şagirdlər bu kitabxananın fəal oxucularıdır. Bu gün məktəbimiz möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin diqqət və qayğısından kənarda qalmamış ,"Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial iqtisadi inkişaf proqramına" əsasən əsaslı təmir olunmuşdur. Bunun müqabilində məktəbin rəhbərliyi və pedaqoji kollektivi tədrisin keyfiyyətinin artırılması , nizam-intizama daha ciddi riayət olunmasına diqqəti daha da artırmaqdadır. Məktəb BŞTİ-nin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihə və müsabiqələrində fəal iştirak edir. Məktəbimiz 2014-2015-ci tədris ilində 9-cu siniflərdə buraxılış imtahanlarının nəticələrinə əsasən Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür. Məktəbdə 2016-cı il 26 may tarixindən "İrs muzeyi" fəaliyyət göstərir. 2017-ci ilin yanvar ayında məktəbdə "Kiçik Akademiya" yaradılmışdır.
Məktəb binası 1969 - cu ildə tikilib, 2011 - ci ildə isə əsaslı təmir olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva məktəbdə olub və təmir işləri ilə maraqlanıblar. Ştatda olan müəllimlərin sayı 47 nəfər, müddətli müqavilə ilə işləyən müəllimlərin sayı isə 6 nəfərdir. Məktəbdə 1052 nəfər şagird təhsil alır. Məktəbin şagirdləri müxtəlif idman yarışlarında, müsabiqələrdə, intellektual oyunlarda fəal iştirak edərək yüksək nəticələr göstərmişlər.
Bizim fəaliyyət göstərdiyimiz məktəb Bakı şəhəri Nərimanov rayonu E.Əliyev adına 93 nömrəli tam orta məktəbdir. Məktəb 1963- cü ildən 1994- cü ilə qədər 8 illik təhsil sistemi ilə işləyib, 1994- cü ildən isə 11 illik təhsil sistemi ilə fəaliyyət göstərməyə başlayıb. Məktəb köhnə olduğundan Azərbaycan Respublikasi Təhsil Nazirliyinin sərəncamı ilə 2005- ci ildə yeni məktəb binası tikildi və 2006 - cı ildə istifadəyə verildi. Məktəb 1 korpusdan ibarətdir, tədris Azərbaycan dilində aparılır. Məktəbimizdə şagirdlər 6 günlük iki növbəli iş həftəsi ilə təhsil alırlar: I- növbədə I, II, VIII, IX, X və XI siniflər II – növbədə III, IV, V, VI və VII siniflər təhsil alır. Məktəbimizdə 896- şagird 39 sinifdə komplektləşdirilmişdir. Məktəbdə 90 müəllim işləyir. Müəllim kollektivimiz savadlı və peşəkar mütəxəsislərdən ibarətdir. Kollektiv üzvlərinin çoxu ali təhsillə yanaşı, magistr təhsili almışlar. Müəllimlərimizin təşkilatçılığı sayəsində şagirdlərimiz müxtəlif ekskursiyalara (muzey, kino,teatr) cəlb olunurlar. Saydıqlarımızdan əlavə mütəmadi olaraq tədbirlər , yarışlar keçirilir ki, bunlar da uşaqların inkşafina və elitar mədəniyyətə yiyələnmələrinə kömək edir. Məktəbimiz burada təhsil almış şagirdimiz - qəhrəman , şəhid Əliyev Eldar Hacırza oğlunun adını daşıyır. Biz müəllimlərin məqsədi ilk növbədə Eldar Əliyev kimi vətənpərvər gənclər yetişdirməkdir
Bakı şəhəri 94 nömrəli tam orta məktəb 1970-ci ildə keçmiş Lenin, indiki Sabunçu rayonundan SSRİ Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Ümummilli Liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə tikilmiş və elə həmin ilin noyabr ayında istifadəyə verilmişdir. Məktəbin açılışında Heydər Əliyev iştirak etmişdir. Məktəb ikimərtəbəli və dördmərtəbəli olmaqla iki korpusdan ibarətdir. 1076 yerlik şagird tutumuna malikdir. Təlim iki – Azərbaycan və rus dillərində aparılır. Məktəbdə 32 sinif otağı, 3 fənn – fizika, kimya, biologiya kabineti, 3 laboratoriya, 3 informatika kabineti, emalatxana, idman zalı, bufet, tibb otağı, 200 yerlik akt zalı, zəngin fondu olan kitabxana vardır. Məktəb 2008-ci ildə əsaslı təmir edildikdən sonra sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir avadanlıqlara təchiz edilmişdir. Məktəbin işçilərinin ümumi sayı 111-dir. Bunlardan 92 nəfəri pedaqoji, 19 nəfəri isə texniki heyətdir. Pedaqoji işçilərin 85 nəfəri ali, 7 nəfəri isə orta ixtisas təhsillidirlər. Hal-hazırda məktəbdə 36 sinif komplekti fəaliyyət göstərir. Azərbaycan bölməsində 22 sinifdə 508, rus bölməsində isə 13 sinifdə 284 şagird təhsil alır. Şagirdlərin 454-ü oğlan, 338-i isə qızdır. Məktəb Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2013-cü il tarixli Sərəncamına əsasən 2013-cü ildə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.