Kateqoria: | fizika |
Dil: | Azərbaycan |
Müəllif: | T.M. Pənahov, V.İ. Əhmədov |
Nəşriyyat: | kitabyurdu.org |
Nəşr yeri: | kitabyurdu.org |
Nəşr ili: | 2013 |
Səhifə: | 1 |
Kitab nömrəsi: | 1 |
ISBN: | 11 |
Yeni nəşr: | Xeyr |
Ali məktəbdə fizikanın tədrisinin əsas vəzifələrindən biri təbiətin əsas qanunlarını tələbəyə izah etmək, alınmış biliklərdən istifadə edilməsi vərdişlərini inkişaf etdirmək, həmçinin, əsas xüsusiyyəti yalnız öyrənilən hadisənin ideal modeli ilə işləmək bacarığı deyil, bu modeli real gerçəkliklə əlaqələndirən fiziki düşüncə məntiqini təkmilləşdirməkdir. Fizikanın öyrənilməsi mütəxəssisin elmi dünyagörüşünün formalaşması üçün böyük əhəmiyyət daşıyır. Fizika fənni, riyaziyyat və nəzəri mexanika ilə yanaşı bütün mühəndis və xüsusi kurslar üçün əsas baza fənni hesab edilir.
Fizika sürətlə inkişaf edən elmdir. Əvvəllər yeni nailiyyət hesab olunanlar müəyyən müddətdən sonra ya köhnəlir, ya da ümumi qəbul edilmiş təsəvvürlərə çevrilir. Bu zaman köhnə nailiyyətlər yanlış hesab olunmur, fizikanın inkişafı yalnız onun tətbiq edilmə sərhədlərini müəyyən edir.
Bu vəsait Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kursunda oxuyan tələbələr üçün nəzərdə tutulmuşdur. Azərbaycan Memarlıq və İnşaat Universitetində ümumi fizika kursu Fizika-1 və Fizika-2 olmaqla iki mərhələdə tədris edilir. Fizika-1 mərhələsində mexanikanın fiziki əsasları, statistik fizika və termodinamika, elektrik və maqnetizm bölmələri, Fizika-2 mərhələsində isə rəqslər və dalğalar fizikası, həndəsi optika, kvant fizikası bölmələri tədris edilir.
Bu materialların həmçinin, veb səhifə formatında hazırlanması və universitetin elektron ünvanında yerləşdirilməsi tələbələrin mühazirəni yazmadan, informasiya texnologiyalarından istifadə etməklə mühazirələrin tam mətnlərini əldə etmələrinə imkan verir. Bu da tədrisin keyfiyyətini yüksəltməklə yanaşı vəsaitdən elektron dərslik kimi digər tələbə və müəllimlərin də istifadə etməsinə imkan verir.
Üç bölmədən ibarət olan dərs vəsaitinin 1-ci bölməsi kinematikanın elementləri, maddi nöqtə dinamikasının elementləri, mexanikada saxlanma qanunları, nisbilik prinsipi, bərk cisimlər mexanikasının elementləri, relyativist dinamikanın elementləri və səlt mühit mexanikasının elementlərinə həsr edilmişdir.
Ikinci bölmədə dinamik və statik qanunauyğunluqlar, molekulyar-kinetik nəzəriyyənin elementləri, termodinamikanın elementləri haqqında məlumatlar verilmişdir.
Üçüncü bölmə elektrostatika, sabit elektrik cərəyanı, vakuumda statik maqnit sahəsi, maddə daxilində statik elektrik və maqnit sahələri, Maksvell tənlikləri, elektrodinamikada nisbilik prinsipi, kvazistasionar elektromaqnit sahəsi mövzularına həsr edilmişdir.
Dərs vəsaitinin əsasını müəlliflərin uzun illər boyu AzMİU-da oxuduqları mühazirələr təşkil edir. Mühazirələrin şərhi zamanı 1-ci kurs tələbələri üçün əlverişli riyazi aparatdan istifadə edilməsinə cəhd edilmişdir.
Müəlliflər ümid edirlər ki, bu vəsaitdən istifadə etməklə tələbələr müasir fizikanın əsasları, onun nailiyyətləri və problemləri ilə yaxından tanış olacaqlar. Müəlliflər əmindirlər ki, müasir fizikanın əsaslarını öyrənmək tələbələrə gələcəkdə, yuxarı kurslarda bir çox xüsusi texniki fənnləri daha müvəffəqiyyətlə mənimsəməyə imkan verəcəkdir.