AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib.
AMEA-dan ”Report”a verilən məlumata görə, Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir (1963). Elmlər namizədi (1969), elmlər doktoru (1979) elmi dərəcələri almış, 1989-cu ildə AEA-nın müxbir üzvü seçilmişdir.
AEA Fizika İnstitutunda (1963-1965) işləmiş, 1965-ci ildən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna, Rusiya) aparıcı elmi işçi vəzifəsində çalışmış, sonra bir sıra xarici ölkələrin nüvə tədqiqatları mərkəzlərində elmi fəaliyyətini davam etdirmişdir.
Rüfət Mir-Qasımovun tədqiqatları əsasən elementar zərrəciklər fizikası və sahə nəzəriyyəsinə həsr olunmuşdur. Lokal kvant nəzəriyyəsinə alternativ kvant sahə nəzəriyyəsinin qurulması onun mühüm nəticələrindən biridir. Alim burada Plank sabiti və işıq sürəti ilə yanaşı, yeni universal sabit – fundamental uzunluğu da daxil etmişdir. Bu nəzəriyyə çərçivəsində yüksək enerjilərdə yeni fiziki hadisələrin mövcudluğu proqnozlaşdırılmışdır.
Rüfət Mir-Qasımov relyativist konfiqurasiyalı fəza konsepsiyası əsasında iki cismin relyativist probleminə yanaşma üsulunu vermiş və Şredinger kvant mexanikasını inkişaf etdirmişdir. Lorens qrupunda Kazimir operatorunu relyativistik hissəciklər arasında məsafə kimi interpretasiya etmiş və bunu kvant mexanikası məsələlərinin həllinə tətbiq etmişdir. Bu interpretasiya və Furye ayrılmalarından istifadə etməklə fəzanın relyativistik konfiqurasiyasını qurmuş və bununla da dalğa tənliklərinin həllində differensial hesablamalarla yanaşı, sonlu fərqlər üsulunun tətbiqinin də səmərəliliyinin artırılmasına nail olmuşdur. Bu yanaşma proton modelinin, kvark modellərinin, yüksək enerjilərdə adronların yayılması, relyativistik nüvə fizikası və s. tədqiqatlarda geniş tətbiqini tapmışdır.
Alim həmçinin kvant sahə nəzəriyyəsinin hamilton təsvirindən istifadə etməklə işıq konusunda dinamikanın təsviri üçün səmərəli üsul işləmiş və tətbiq etmişdir. Kvant sahə nəzəriyyəsində kvazipotensial yanaşma əsasında relyativistik kvant mexanikasının sonlu-fərq variantını inkişaf etdirmişdir. Relyativistik kvant mexanikası çərçivəsində səpilmə nəzəriyyəsi və kvant mexanikasında istifadə olunan yaxınlaşmaların analoqlarını qurmuş, sonlu-fərq tənliklərinin xassələrinə əsaslanaraq, kvarkların konfaynment (tutulub saxlanma) mexanizmini təklif etmişdir.
Kvant fəzası konsepsiyasını inkişaf etdirmiş, Şredinqer tənliyinin bir sıra dəqiq həllərini tapmışdır.
Rüfət Mir-Qasımov 150-dən çox elmi əsərin müəllifi idi.
Bizim WhatsApp kanalımıza abunə olun