0702133333

0702133333

UNEC tələbəsi: 18 yaşında kitab yazmaq mənim üçün böyük uğurdur
05.02.2025 17:03

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Amin Zərbəliyevin “Dünya iqtisadiyyatı” kitabı çapdan çıxıb. Kitabda qlobal iqtisadiyyatın əsas prinsiplərindən, beynəlxalq ticarət və iqtisadi əlaqələrdən, həmçinin inkişaf etməkdə olan ölkələrin qarşılaşdığı iqtisadi problemlərdən bəhs olunur. Eyni zamanda, dünya iqtisadiyyatında baş verən böhranlar, yeni trendlər kimi mövzulara toxunulub.TƏHSİL.BİZ xəbər verir ki,kitab haqqında təəssüratlarını AZƏRTAC ilə bölüşən Amin Zərbəliyev deyib: “18 yaşında kitab yazmaq mənim üçün böyük uğurdur. Universitetdə müəllimlərimlə birlikdə tez-tez dünya iqtisadiyyatı ilə bağlı sual-cavab edirdik. Birlikdə məqalələr yazırdıq. Mən “Azərbaycanın xarici ticarət istiqamətləri”, “Yaşıl iqtisadiyyatın sosial və siyasi təsiri”, “COP29-un Qafqaz və Azərbaycanda yaratdığı təsirlər” və “İqlim dəyişmələrinə qarşı mübarizədə mühüm platformalar” mövzularında bir çox məqalələrin də müəllifiyəm. Bunlardan sonra müəllimlərimin dəstəyi ilə bir kitab hazırlamağa qərar verdik. Bununla da “Dünya iqtisadiyyatı” kitabı ərsəyə gəldi. Kitab tələbələrin anlaya biləcəkləri sadə dildə yazılıb. Nəşrin elmi redaktoru iqtisad üzrə fəlsəfə doktoru Maqsud Mirzəyev, elmi rəyçisi isə Əməkdar müəllim Məhəmmədəli Rəsulovdur”.Amin Zərbəliyev 2006-cı il iyulun 17-də Kürdəmir rayonunda anadan olub. Cabbar Əsgərov adına Sığırlı kənd tam orta məktəbinə təhsil alıb. Məktəb dövründə rayon, region, respublika səviyyəli intellektual yarışlarda uğurla iştirak edib. Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən respublika fənn olimpiadasında coğrafiya üzrə qalib olub və gümüş medal qazanıb. Həmçinin respublika riyaziyyat olimpiadasında fəal iştirak edib.2023-cü ildə məktəbi əla qiymətlərə bitirərək UNEC-in Türk dünyası iqtisadiyyatı fakültəsinə iqtisadiyyat ixtisası üzrə qəbul olub: “Uşaq vaxtından iqtisadçı olmağı arzulayırdım. Hələ məktəb dövründə coğrafiya dərslərində iqtisadi coğrafiya ilə tanış olduqdan sonra iqtisadiyyata marağım daha da artdı”.Müsahibimiz universitetin ictimai-sosial həyatında da fəal iştirak etdiyini söyləyir. O, AIESEC-in Beynəlxalq Təcrübə Proqramına qatılaraq Azərbaycanı 111 ölkənin nümayəndələri arasında təmsil edib və bu layihəni uğurla tamamlayaraq beynəlxalq dərəcəli sertifikata layiq görülüb. Hazırda tələbə olmaqla yanaşı, Statistika Komitəsində çalışır, eyni zamanda, UNEC-in Rəqəmsal Könüllülər Təşkilatında sədr müavini kimi fəaliyyət göstərir. O, “UNEC EKO IDEA” yarışının qalibi olub. “Texno.TV” xəbər texnoloji məlumat kanalını yaradan Amin Zərbəliyev Tailandda keçiriləcək 6-cı beynəlxalq “ICMCER-2025” konfransına dəvət alan yeganə tələbədir.Gələcək planlarından danışan müsahibimiz iki il sonra magistratura təhsilini xarici universitetdə almağı planlaşdırır və IELTS imtahanına hazırlaşır. Ona bu yolda uğurlar arzulayırıq.