Bakı şəhəri Alı Mustafayev adına 202№li tam orta məktəb Nərimanov rayonunda yerləşir.Məktəb 1937-ci ildə inşa edilib,1947-ci ildən orta məktəb kimi fəaliyyət göstərir.Məktəb 750 yerlikdir,I növbəlidir,5 günlük iş həftəsi ilə fəaliyyət göstərir.Məktəb 1 korpuslu,4 mərtəbə və geniş həyətyanı sahədən ibarətdir. Məktəbdə tam avadanlıqlarla təchiz olunmuş bufet,akt zalı,zəngin kitabxana və oxu zalı,2 informatika otağı,kimya,fizika,biologiya kabinetləri,təchiz olunmuş laboratoriyalar,2 ingilis dili otağı,hərbi otağı və 20 sinif otağı var. Məktəbi digər məktəblərdən fərqləndirən əsas müsbət xüsusiyyətlərdən biridə yüksək nizam-intizam,savadlı kadr potensialı,keyfiyyətli təlimin olmasıdır. 2012-ci ildə 202№li tam orta məktəb əsaslı təmir edilmişdir.Mərkəzləşdirilmiş qaydada yeni istilik sistemi quraşdırılmış və müasir təlim avadanlıqlarıyla təmin edilmişdir. Müəllimlərin sayı - 70 nəfər(onlardan;ali təhsilli -64 nəfər,orta ixtisas təhsilli - 6 nəfər). Şagirdlərin sayı - 543 nəfərdir. Son 3 ildə məktəbimiz bir neçə uğura imza atmışdır. Məktəbdə "İlin ən yaxşı fənn müəllimi", "Qabaqcıl Təhsil İşçisi" döş nişanı," Tərəqqi" medalı ilə təltif olunmuş müəllimlər fəaliyyət göstərir. Belə ki,Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı fənn müəllimi" müsabiqəsində məktəbimizin dil-ədəbiyyat müəlliməsi Xəlilova Gülşən Cəlal qızı bu müsabiqədə iştirak etmiş və müsabiqənin qalibi olmuşdur.Məktəbin riyaziyyat-informatika müəllimi Əliyev Cavanşir Əli oğlu Təhsil Nazirliyi 2014-cü il 25 sentyabr tarixli 11/1109 əmri ilə Azərbaycan Respublikasının "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Eyni zamanda ali məktəbə qəbul sahəsində də yüksək nəticələr əldə etmişik.Belə ki,2014-cü ildə XI sinfi bitirmiş şagirdlərimizdən 3 nəfəri 500 baldan yuxarı,4 nəfəri isə 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə daxil olmuşlar.Sevindirici haldır ki,Vəliyeva Nigar Əli qızı 650-dən yuxarı bal toplayaraq respublikamızda öz dəsti xətti ilə tanınan ADA Universitetinə daxil olmuşdur. İdman və digər sahələrdə də çoxlu uğurlar əldə etmişik.
203 №-li tam orta məktəb Azərbaycan Respublikasının Milli qəhrəmanı Riad Əhmədovun adını daşıyır. Məktəb 1938-ci ildən fəaliyyət göstərir. 2011-ci ildə məktəb Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilmişdir. Hazırda məktəbdə 34 sinifdə 689 şagird təhsil alır. Məktəbdə tədris 6 gün olmaqla iki növbədə işləyir. Məktəbimizdə tədris Azərbaycan və rus dillərində aparılır. Təhsil ocağında müəllim-şagird nisbəti 1/8-dir. Şagirdlərin təlim və tərbiyəsi ilə 74 müəllim məşğul olur. Müəllimlər arasında təcrübəli, peşəkar, öz fənnini sevən, müəllim sənətinin vurğunu olanlar çoxluq təşkil edir. Gənc nəslin müasir tələblərə cavab verən elmli, geniş dünyagörüşlü şəxslər kimi yetişdirilməsində vətənpərvərlik, ümumbəşəri dəyərlərə əsaslanan milli qürur, etik və estetik tərbiyənin təşkilində sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə geniş yer verilir. İl boyu davam edən müxtəlif məzmunlu müsabiqə, yarış və debatlar şagirdlərimizin şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. Bunlara məktəblilərin sevə-sevə iştirak etdikləri inşa yazı, müxtəlif fənn tədbirləri, ən yaxşı divar qəzeti, mini elmi-tədqiqat işləri, şeir, rəsm, musiqi müsabiqələrini nümunə gətirmək olar. Şagirdlərimiz Təhsil Nazirliyinin tövsiyəsi ilə və ədəbiyyat müəllimlərinin rəhbərliyi ilə təşkil olunmuş “Kitabı tanıdıqca dünyanı tanıdım” başlığı altında sinifdənkənar qiraət kompaniyasına həvəslə qoşulmuşlar.
Bakı Şəhəri 204 nömrəli tam orta məktəb 1981- ci ildə (Azərbaycan bölməsi) fəaliyyətə başlamışdır. Layihə tutumu (şagird sayı) -1176 yerlik. 204 nömrəli tam orta məktəbə 15 aprel 1994-cü il tarixdən Azərbaycanın Milli Qəhrəmanı Əliyev Ələkbər Həsən oğlunun adı verilmişdir. Cari dərs ilində məktəbdə 1556 şagird 53 sinifdə və 6 məktəbəqədər hazırlıqda komplektləşdirilmişdir. Pedaqoji heyətin 112 üzvü var.Məktəb 5/6 günlük iş rejimi ilə,2 növbəli fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə 2008-2009-cu tədris ilində məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Məktəbin 1 müəllimi "Əməkdar müəllim" adına layiq görülmüşdür. Məktəb 2014 - cü ildə əsaslı təmir olunub. Hər otaqda 12 ədəd kompyuter,1 ədəd noutbuk,mimio lövhə və proyektor olmaqla 2 informatika otağı yaradılmışdır. Məktəbdə müasir tələblərə cavab verən fizika,kimya,biologiya laboratoriyaları yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəhcamı ilə 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin ikinci dəfə qalibi olmuşdur.
Binəqədi rayonu 205 nömrəli tam orta məktəb 1930-cu ildən fəaliyyət göstərir.
Məktəb Azərbaycanın Milli Qəhrəmanı Rövşən İmanovun adını daşıyır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 15 yanvar tarixli Sərəncamına uyğun olaraq "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" na əsasən məktəb sökülərək yenidən tikilib. İki korpus və hər korpusda 4 mərtəbə olmaqla 960 şagird tutumlu məktəb inşa edilib.
Məktəb 22 sentyabr 2021-ci il tarixində müəllim və şagirdlərin istifadəsinə verilib. Təhsil ocağında müasir avadanlıqlarla təmin olunmuş fənn kabinetləri, laboratoriyalar da daxil olmaqla 44 sinif otağı mövcuddur. Fizika, kimya, biologiya, tarix laboratoriyaları, şəbəkəyə qoşulmuş 2 kompüter otağı, zəngin kitabxanası, bufet, akt və idman zalları var.
Məktəb kitabxanası həm bədii ədəbiyyatla, həm də dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlərlə təmin olunub. Sinif otaqları və dəhlizlər kameralar vasitəsilə izlənilir.
Tədris prosesində İKT avadanlıqlarından, komputer, “ağıllı” lövhələr, noutbuk və proyektorlardan istifadə olunur.
Məktəbdə 81 pedaqoji heyət və 20 texniki işçi fəaliyyət göstərir. Hazırda 1483 nəfər şagird Azərbaycan bölməsi üzrə təhsil alır. Məktəb 5 günlük və 2 növbəlidir.
Müxtəlif illərdə məktəbin şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan fənn olimpiadalarında və digər beynəlxalq yarış və olimpiadalarda, idman yarışlarında uğurlar əldə ediblər.
Məktəbdə şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, yaradıcı təfəkkürünün inkişafı, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Kiçik Akademiya” fəaliyyət göstərir.
Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəb 1923-cü ildən fəaliyyət göstərir. Məktəb "Oğlanlar məktəbi" kimi fəaliyyətə başlamışdır. İndiki məktəb binasının I korpusu XIX əsrin əvvələrində Mehdiqulu bəy tərəfindən inşa edilmişdir. Sonralar bu bina məktəb binası kimi istifadəyə verilmişdir. 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən köhnə sinif otaqları sökülmüş yeni məktəb binası tikilmişdir. 2013-cü ildə isə əlavə korpus tikilmiş və məktəbin həyətyanı sahəsi təmir olunmuşdur. Məktəb ikinövbəlidir. Tədris Azərbaycan dilində aparılır. Xarici dil valideynlərin ərizəsi əsasında ingilis dili, rus dili və ya alman dili seçilir. 5-ci sinifdə şagirdlərin ikinci xarici dil seçmək imkanı vardır. Hazırda məktəbdə bakalavr və magistr təhsili almış 33 müəllim fəaliyyət göstərir. Məktəb 2016-2017-ci tədris ilində "Ekoloji aylıqlar" layihəsində Bakı şəhər məktəbləri arasında 3-cü yerə layiq görülmüşdür. 2017-2018-ci tədris ilində 9-cu sinfin buraxılış imtahanlarının nəticələrinə görə məktəb 241-ci yerdən 162-ci yerə yüksələrək 79 pillə irəliləmişdir. 2018-ci ildən məktəbdə "Kiçik akademiya" fəaliyyət göstərir. Məktəb 2018-2019-cu tədris ilində "Ən yaxşı məktəb saytı" müsabiqəsi üzrə qalib olduğuna görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diploma layiq görülmüşdür. Şagirdlərimiz dəfələrlə Respublika fənn olimpiadasının qalibi olmuşdur. Həmçinin idmançı şagirdlərimiz rayon-şəhər mərhələsində qalib olaraq beynəlxalq idman yarışlarında iştirak etmişlər. 2017-2018-ci tədris ilində məktəbin komandası Xəzər rayon tam orta məktəblərinin şagirdləri arasında keçirilən "Şahin" hərbi-idman oyununda 1-ci yerə layiq görülmüşdür. 2021-2022-ci tədris ilində məktəbdə 508 şagird təhsil alır. Bir məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbin məzunları arasında tanınmış siyasətçilər, elm xadimləri, müəllimlər, həkimlər vardır. Məktəbdə fəaliyyət göstərən müəllimlərin bir neçəsi bu məktəbin məzunlarıdır.
Əsası 1960-cı ildə qoyulan Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəb Nərimanov rayonunda yerləşir. Məktəbimizin məqsədi milli ruhda nümunəvi tərbiyə təhsil sistemi yaratmaqdır. Məktəb ən son 2014 -cü ildə təmir olunaraq 1100 yerlik yeni tədris korpusu, habelə akt və idman zalları yüksək səviyyədə tikilib şagird və müəllim kollektivinin istifadəsinə verilib. Məktəbdə 98 müəllim kollektivi və 989 şagird təhsil alır.Yeni laborotoriyalar -fizika, kimya və biologiya laboratoriyaları yaradılmış və onlar hər cür vəsaitlər ilə təhciz edilmişdir. Məktəbdə şagirdlərin yüksək səviyyədə dərs keçirilməsi üçün hər cür şərait yaradılıb. Uşaqların tərbiyəsi ilə pedaqoqlarla yanaşı, psixoloq və UBR məşğul olur. Məktəb şagirdlər üçün sağlam həyat tərzi və iş intizamı olan rahat, doğma və təhlükəsiz bir "evdir". Məktəbimiz 2011-ci ildə "İlin məktəbi" seçilib. Bizim məktəb milli təhsil ənənələri ilə müasir təlim texnologiyalarını birləşdirir. Dərslər həm ənənəvi formada, həm də mühazirə, diskussiya, laborator məşğələlər, tədqiqatlar, ekskursiyalar şəkilində aparılır. Günün ikinci yarısında uşaqlar müxtəlif dərnəklərdə - rəqs, idman, xorda iştirak edirlər. Bakının görməli və maraqlı yerlərinə, muzey və botanika bağlarına ekskursiyalar təşkil olunur, hər ay əyləncəli tədbirlər hazırlanılır. Bizim uşaqlar fəal əməyə və yaradıcılığa istiqamətləndirilmişlər. Məktəbdə mehriban, həmrəy şagird və müəllim kollektivi vardır.
Vətən müharibəsi zamanı Hadrutda düşmən bayrağını endirərkən qəhrəmancasına şəhid olmuş məzunumuz baş leytinant Səid Rəşidzadənin baralyefi təhsil aldığı Bakı şəhəri 207 sayli orta məktəbdə qoyulub.