Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında V Azərbaycan Astronomiya Olimpiadasının seçim turu keçirilib.Bakı Dövlət Universitetindən Tehsil.biz-ə bildirilib ki, onlayn şəkildə keçirilən olimpiadada iştirak etmək üçün 1200-dək şagird qeydiyyatdan keçib.Təşkilat komitəsinin qərarına əsasən, nəzərdə tutulan 100 baldan 75 və yuxarı bal toplayan iştirakçılar olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar. Bakı Dövlət Universitetində keçiriləcək olimpiadanın finalında iştirak haqqı qazanan şagirdlərə yaxın günlərdə daha ətraflı məlumat veriləcək.Olimpiadanın final mərhələsinin qalibləri Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar. Hazırlıq dərsləri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən mərkəzdə təşkil olunacaq. Bundan əlavə, “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyi məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər təşkil edəcək.V Azərbaycan Astronomiya Olimpiadası və XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə keçirilir. Azərbaycan komandası Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir.