Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda panel müzakirələr keçirilib.Tehsil.biz xəbər verir ki, tədbirin moderatoru, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov yarandığı gündən ölkəmizin həyatında misilsiz xidmətlər göstərən Bakı Dövlət Universitetinin əsas missiyasının elm və tədris fəaliyyəti ilə yanaşı, dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına önəmli töhfələr verən yüksəkixtisaslı mütəxəssislər yetişdirmək olduğunu qeyd edib. Bildirib ki, “Qalib Azərbaycan gəncliyi: Yeni çağırışlar və hədəflər” mövzusunda təşkil edilən panel müzakirələr postmüharibə dövründən sonra qalib dövlətin qalib gənclərinin qarşısında dayanan əsas hədəflərə həsr olunub.Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli qlobal aləmdə yeni sistemin yaradılmasına ehtiyac duyulduğunu və bu məsələdə innovativ, ağıllı, müasir düşüncəyə malik gənclərə ehtiyacın olduğunu deyib. O qeyd edib ki, ərazi bütövlüyünü təmin edən və quruculuq prosesinə start verən Azərbaycanda bütün pillələr üzrə təhsilin keyfiyyətinin artırılması istiqamətində məqsədli işlər görülür. Bu sahədə ali təhsil müəssisələri əsas rol oynayır, çünki universitetlər birbaşa əmək bazarı üçün kadr hazırlayır. Bununla bərabər, gənclərin elm sahələrinə marağının artırılması da çox vacibdir. Elmin iqtisadiyyata transferi bunu zəruri edir.bp-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycan son 30 il ərzində böyük inkişaf yolu qət edib. Bu inkişaf gənclər üçün yeni imkanlar açır. Modernləşmə dövründə gənclər arasında rəqabətliliyin artması özlüyündə yeni bir mərhələyə təkan verir. Bütün bunlara görə tələbə gənclər təhsil aldıqları ixtisası ən mükəmməl səviyyədə mənimsəməlidirlər.“Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin tərkib hissəsi olan könüllülük hərəkatının hazırda ölkəmizdə uğurla icra edildiyini vurğulayıb. O bildirib ki, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi yeni təşkilatların, həmçinin dövlət strukturlarının tərkiblərində könüllü qruplarının yaradılmasına və bunun kütləviləşməsinə təkan verdi. Əmək bazarında təhsillə bərabər, təcrübə də əsas götürülür, bu baxımdan könüllülük fəaliyyəti ən yaxşı nümunədir. O, Azərbaycanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) BDU-nun 500-dən çox tələbəsinin könüllü kimi fəaliyyətinin yüksək göstərici olduğunu vurğulayıb.Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə Fondun fəaliyyət istiqamətlərindən və gənclər üçün yaratdığı geniş imkanlardan danışıb. Qeyd edib ki, gənclərin fəaliyyətlərinin stimullaşdırılması, təşkilatlara dəstəyin göstərilməsini əsas götürən Fond ölkədə gənclər siyasətinin mühüm tərkib hissəsinə çevrilib.Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev gənclərin fəaliyyət və təşəbbüslərinin dövlət tərəfindən kütləvi dəstəkləndiyini deyib. Qeyd edib ki, dövlətin bu yöndə həyata keçirdiyi siyasət çox uğurludur və artıq bu uğurların nəticələri gənclərin həyat və fəaliyyətində açıq-aşkar nəzərə çarpmaqdadır.Tədbir müzakirələr və tələbə gənclərin suallarının cavablandırılması ilə davam edib.