Noyabrın 11-22-də Azərbaycanda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 zamanı Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələri üzrə təhsil distant (məsafədən) formada həyata keçiriləcək. Bakıdakı ali təhsil müəssisələri artıq dərs prosesini onlayn şəkildə davam etdirmək üçün hazır vəziyyətə gətirilib.Bakı Slavyan Universiteti (BSU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Tibb Universitetində fasiləsiz təhsil mühitinin yaradılması üçün zəruri addımlar atılıb.BSU-da distant tədris “Microsoft Teams” platforması vasitəsilə həyata keçiriləcək. Professor-müəllim heyəti və təhsilalanların onlayn dərslərdə iştirakını təmin etmək üçün texniki baxımdan müvafiq hazırlıq tədbirləri görülüb, distant təhsilin səmərəli keçirilməsi üçün lazımi şərait yaradılıb.BDU-da distant tədris “Blackboard” platforması üzərindən təşkil ediləcək. Artıq tələbə və müəllimlərin distant tədrisə cəlb edilməsi prosesi yoxlanılıb. Məsul əməkdaşlar müvafiq fakültələrdə onlayn dərslərin keçirilməsinə texniki dəstək göstərəcəklər. Müəllimlər və tələbələr üçün ayrı-ayrılıqda işçi qruplar formalaşdırılıb, hər hansı texniki çatışmazlıq yarandığı halda operativ müdaxilələr edilərək problemin həlli məqsədilə addımlar atılacaq. Platforma vasitəsilə keçirilən tədris prosesi zamanı tələbələrin dərsə davamiyyəti, cari qiymətləndirilmə ilə bağlı aparılacaq qeydlər müəllimlər tərəfindən elektron jurnala daxil ediləcək.UNEC pandemiya dövründə qazandığı təcrübə ilə COP29-un keçiriləcəyi müddətdə də bütün dərsləri onlayn formada, dərs cədvəlində dəyişiklik etmədən həyata keçirəcək. “EduMan – Tədrisin vahid elektron idarəetmə sistemi” (LMS) ilə onlayn təhsil sahəsində təcrübəsini daha da genişləndirən universitetin hibrid və onlayn dərs otaqları, eləcə də geniş elektron tədris bazası var.ATU da pandemiya dönəmində distant təhsilə keçid zamanı elektron tədris sistemi üzrə mütərəqqi təcrübə əldə edib, dərslər üçün onlayn modul yaradılıb. Universitetin elektron tədris sistemində bütün kafedralar tərəfindən həftəlik mühazirələr qeyd edilib, videoizahlar, həmçinin mühazirə materialları, dərs qeydləri (pdf formatında) yerləşdirilib. Tədris zamanı həm müəllimin, həm də tələbənin kamerasının açıq olması barədə təlimat verilib: “Beləliklə, onlayn dərslər zamanı tədrisin keyfiyyətinə təsir edəcək problemlərin qarşısı alınacaq. Laboratoriya dərslərini onlayn formatda aparmaq mümkün olmadığı üçün onlar bu müddətdə tələbələr üçün izahlar əyani formada aparılacaq”. COP29 tədbirləri zamanı universitetlərin distant təhsilə keçidə tam hazır olması Azərbaycanda ali təhsil sahəsində rəqəmsallaşmanın mövcud imkanlarını nümayiş etdirir. Hazırlıqların yüksək səviyyədə görülməsi ali məktəblərin texnologiyaya uyğunlaşma və dəyişən tələblərə çevik reaksiya vermə bacarıqlarını inkişaf etdirdiyini sübut edir. Distant dərs təcrübəsi gələcəkdə təhsil sisteminin çevikliyini artırmaq və dünya təhsil tendensiyalarına uyğunlaşmaq üçün vacib bir addım kimi də qiymətləndirilə bilər.