Bakı Mühəndislik Universitetində (BMU) Təhsilin İnkişafı Fondu (TİF), Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin tələbələr üçün birgə layihəsi olan “TələbəPlus” kartlarının təqdimetmə mərasimi keçirilib. Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, BMU-nun rektoru Yaqub Piriyev tədbirdə iştirak edən hər üç qurumun nümayəndə heyətinə qısa müddətdə reallaşdırılan bu layihəyə görə təşəkkürünü bildirib və güzəştli kartların universitet tələbələri tərəfindən məmnunluqla qarşılandığını deyib. Rektor bütün ali məktəblərin tələbələrinə endirim, güzəşt və keşbek imkanları yaradan kartların sosial dəstək xarakteri daşıdığını təqdir edib, gənclər üçün perspektivdə daha əlverişli layihələrin, ideya və təşəbbüslərin irəli sürüləcəyinə inandığını söyləyib. Rektor çıxışında universitetin inkişafı barədə, habelə nəzərdə tutulan tələbəyönümlü layihələr haqda da məlumat verib.TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında beynəlxalq təcrübə əsasında nüfuzlu tərəfdaşlarla birgə həyata keçirilən bu layihə istiqamətində universitetlərlə imzalanmış əməkdaşlıq müqavilələrini xatırladaraq, qısa zamanda ölkə üzrə bütün tələbələr üçün kartların hazırlandığını, həmin kartların tez bir vaxtda paylanılacağını diqqətə çatdırıb. BMU-nun kartların paylanıldığı ilk universitetlərdən biri olduğunu önə çəkən Fond sədri tələbələrə hazırda güzəştin tətbiq olunduğu və gələcək üçün nəzərdə tutulan xidmət sahələrini sadalayaraq, imtiyazlarda məqsədin tələbə məmnuniyyəti yaratmaq, gənclərin tələbəlik həyatını asanlaşdırmaq, sosial rifahına dəstək göstərmək olduğunu deyib. Əlavə edilib ki, irəli mərhələdə vahid tələbə kartlarından peşə və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar, növbəti tədris ilində isə təhsil sahəsində çalışan əməkdaşların da faydalanması üçün işlər aparılır. Sonra universitetə yüksək balla qəbul olan I kurs tələbələrinin bir qisminə “TələbəPlus” kartları təqdim edilib.