Bakı şəhəri Nəsimi rayonu Saleh Poladi adına 159 № -li tam orta məktəb 1962-ci ildə tikilib istifadəyə verilmişdir. Məktəb 2 tədris korpusundan, 85 sinif otağından ibarətdir ( 2-ci tədris korpusu 2008-ci ildə inşa edilmişdir). Məktəb 2013-cü ildə əsaslı təmir olunmuşdur. Məktəbimizdə 91 müəllim ( 85 nəfər ali təhsilli, 6 nəfər orta- ixtisas təhsilli) 1201 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbin nəzdində qiyabi qruplar fəaliyyət göstərir. Məktəbin şagirdləri ayrı-ayrı fənlər üzrə "Respublika Olimpiadası" qalibləri, “İnşa” və “Şeir” müsabiqəsi qalibləri , “Rəsm sərgisi”, "İdman yarışları"nın iştirakçıları və qalibləri olmuşlar. 2 nəfər müəllimimiz “Tərəqqi” medalı ilə təltif olunmuş, 3 nəfər müəllimimiz "Baş müəllim" adı almış, ədəbiyyat, riyaziyyat, fizika və biologiya müəllimlərinin qabaqcıl iş təcrübəsi öyrənilmiş və şəhər üzrə yayılmışdır.
Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəb Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin ərazisində yerləşir. Məktəb 2019-cu ildə Prezident İ.Əliyev və xanımı M.Əliyevanın iştirakı ilə fəaliyyətə başlayıb. Məktəb 1 əsas binadan ibarətdir. Əsas bina 3 mərtəbəlidir. 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Məktəbdə ibtidai sinif şagirdləri üçün dərslər “Sağlam təhsil – sağlam millət” layihəsi əsasında hazırlanan sinif otaqlarında keçirilir. Binada fənn kabinetləri, sinif otaqları, akt zalı, idman zalı yerləşir.
162 nömrəli məktəbin binası 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən inşa edilmişdir. Məktəbdə qızlara təhsil verməklə yanaşı, toxumaq, tikiş tikmək və s. öyrədilirdi. Məktəb öz fəaliyyətini sovet dönəmində də davam etdirmişdir. Hal-hazırda məktəb Nazirlər Kabinetinin 144 №-li qərarına əsasən vaxtilə burada təhsil almış, Qarabağ müharıbəsində Tərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Etibar Allahverdi oğlu Əliyevin adını daşıyır. Məktəb 650 yerlik əsas korpusdan ibarətdir, 5 günlük və 2 növbəli iş rejimində işləyir. Hazırda 57 sinif komplektində 1689 nəfər şagird Azərbaycan və rus bölmələrində təhsil alır. 98 nəfərdən ibarət pedoqoji kollektiv üzvlərindən bir nəfər elmlər namizədidir. Məktəbdə xarici dil kimi rus və ingilis dilləri tədris edilir. Müəllim-şagird nisbəti 1:13 nəfərdir. 2016-cı ildə yaradılmış "Kiçik Akademiya" AMEA-nın "Gənc Alim və Mütəxəssislər Şurası" nın dəstəyi ilə şagirdlərin potensial istedadınının aşkara çıxarılması, onların gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi tədbirlər nəticəsində bir sıra uğurlara imza atmışdır. Belə ki, "KA" üzvü X sinif şagirdi Zeynəb Sadıxova "Sabahın alimləri" VI Respublika Olimpiadasında biologiya, İsgəndərov Rafael Rəşan oğlu fənn olimpiadalarında informatika fənni üzrə 3-cü yerin qalibi olmuşlar. Digər "KA" üzvü Mahirə Əsədzadə I ixtisas qrupu üzrə DİM-in keçirdiyi qəbil imtahanında 700 bal toplayaraq,respublika üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri olmuşdur. Məktəbin məzunlarından iki nəfər qızıl və gümüş medala layiq görülmüşdür. Məktəbdə zəngin maddi-texniki baza ilə təchiz olunmuş fizika, biologiya, kimya, informatika kabinetləri, ekosinif fəaliyyət göstərir. GÇH kabinetində isə mini kazarma yaradılmışdır. 11.09.2017-ci il tarixdə ölkə prezidenti cənab İlham Əliyev əsaslı təmirdən sonra məktəbə gələrək, görülmüş quruculuq işləri ilə yaxından tanış olmuşdur. Hal-hazırda məktəbdə Təhsil Nazirliyinin "Rəqəmsal bacarıqlar" (Alqoritmika), STEAM pilot layihələri uğurla həyata keçirilir. STEAM şagirdləri "Hakaton 2021" ,"Makerthon 2021" ,"Makerthon 2022" ,"Smart School" yarışmasında, İzmir Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq Online VEX Robotics yarışmasında, Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə "STEAM Azərbaycan" layihəsi çərçivəsində STEAM Azərbaycan Festivalında (SAF) uğurla iştirak ediblər.
Bakı şəhəri Səbail rayonu 163 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət gösrtərir. 2013-cü ildə məktəb əsaslı təmir edilmişdir. Məktəbin dəhlizləri, həyətyanı sahəsi, giriş və çıxışı təhlükəsizlik kameraları ilə təchiz olunmuşdur. Məktəbimiz fizika, kimya, biologiya laboratoriyalari, hərbi və iki informatika kabineti, tibb otağı ilə təchiz olunmuşdur.
Məktəbdə Azərbaycan bölməsi fəaliyyət göstərir və bir növbəlidir. Məktəbdə 38 sinif üzrə 959 şagirdin təlim-tərbiyəsi ilə 115 pedaqoji heyət məşğul olur. O cümlədən, məktəbdə 3 məktəbəhazırlıq qrupu və 1 günüuzadılmış qrup fəaliyyət göstərir.
Şagirdlərimiz hər il keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərərək respublikamızın və dünyanın tanınmış ali məktəblərinə qəbul olunurlar. Məktəbdə xarici dil olaraq ingilis dili və rus dili tədris olunur.
Məktəbimizdə ibtidai təhsildə "Sağlam Təhsil" layihesi , "STEAM" layihəsi, İnklüziv təhsil layihəsi həyata keçirilir.
164 nömrəli tam orta məktəb 1938-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəb üçün 600 yerlik əlavə tədris korpusu inşa olunub, əlverişli təlim imkanları yaradılıb.
Məktəbin pedaqoji kollektivi tərəfindən müəyyənləşdirilən “Bu günün yüksək təhsili sabahın parlaq gələcəyi inkişafın qarantıdır” devizi onun fəaliyyətinin əsasını təşkil edir.
Məktəb 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub. Həmçinin, pedaqoji kollektivin 11 üzvü “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi adına layiq görülüb.
Məktəbin fəaliyyətinin əsasını keyfiyyətli tədris təşkil edir. Tədris prosesinin müasir tələblər səviyyəsində təşkili hər bir şagirdin dövlət standartları səviyyəsində bilik və bacarıqlar əldə etməsinə zəmin yaradır. Məktəbdə tədris 2 dildə - Azərbaycan və rus dillərində aparılır. Məktəb bir çox layihələrdə fəal iştirak edir.
Təlim prosesində İKT–dən istifadə keyfiyyəti yüksəldir. Elektron dərslər şagirdlərdə təlimə marağı artırır, öyrəndiklərini daha yaxşı yadda saxlamağa kömək edir. Müəllimlər təlim prosesində şagirdlərin həm fərdi, həm də kollektiv şəkildə tədqiqatlar aparmasına şərait yaradır, şagirdlərlə daim ünsiyyətdə olur, onları düşündürən məsələlərlə bağlı söhbət edirlər. İnformasiya axının bol olduğu bir dövrdə şagirdlərin həyata baxışlarının düzgün istiqamətlənməsində onlara kömək edir, daim düzgün ünsiyyət qurmağa çalışırlar.
Məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivin qarşısına qoyulan məqsəd birdir - ölkəyə savadlı gənclər yetişdirmək.
Məktəbdə müəllimlərin fəaliyyətinin artırılması, fənlər üzrə monitorinqlərin aparılması və İKT-nin dərslərdə tətbiqi üzrə yüksək nəticələr əldə olunub. Fənn kabinetləri və əksər sinif otaqları proyektorlarla təmin olunub.
Şagirdlərimiz rayon, şəhər və respublika üzrə keçirilən müsabiqələrdə fəal iştirak edir və nailiyyətlər əldə edirlər.
Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbin əsası 1930-cu ildə qoyulub.Əvvəllər məktəbdə tədris ancaq rus dilində aparılıb.Hazırda tədris Azərbaycan və rus dillərində aparılır.
Məktəbin 2 korpusu var.1-ci əsas korpus 430 nəfər şagird tutumludur.2- ci korpus 2007-ci ildə inşa edilib, 720 nəfər şagird tutumludur.Hər iki korpus üçmərtəbəlidir.Kitabxana,idman zalı,akt zalı şagirdlərin istifadəsindədir.Məktəbdə 1655 nəfər şagirdin təlim-tərbiyəsi ilə 133 müəllim və pedaqoji heyət məşğul olur.
Şagirdlərimiz hər il müxtəlif fənn yarışlarında,müsabiqələrdə,olimpiadalarda yüksək nəticələr əldə edirlər.Məktəbin məzunlarının orta hesabla 85 faizi hər il yüksək balla ali məktəblərə qəbul olunurlar.Məktəbimizin 2020-ci il məzunu Dünyamalıyev Zeynal məktəbi qızıl medalla bitirmiş,2 dəfə olimpiada qalibi olmuşdur.
Şagirdlərimizin qazanmış olduqları bütün uğurlar məktəbin müəllimlərinin zəhmətinin,tükənmək bilməyən əməyinin nəticəsidir. Məktəbimizin müəllimləri müxtəlif Beynəlxalq və Respublikadaxili layihələrdə yaxından iştirak edirlər.Məktəbin İnformatika müəllimi Əhmədova Mətanət Əməkdar müəllim adına layiq görülmüşdür.Məktəbin tarix müəllimi Ülviyyə Mikayılova Qrand müsabiqəsinin qalibi olmuşdur.
Məktəbin 5 Şəhid məzunu var.Abbasov Fərrux 1-ci Qarabağ müharibəsində,Musazadə Təbriz Aprel döyüşlərində,Rüstəmov Rövşən,Eyvazov Əbülhəsən,Əbdülrəhmanov Sübhan 2-ci Qarabağ müharibəsində Şəhid olublar.Məktəbimizin onlarla qazi,veteran məzunları var.
Məktəbimizin əsas məqsədi Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı hazırlanmış fəaliyyət planına əsasən Azərbaycanın gələcək inkişafı üçün milli ruhlu, vətənpərvər, tarixinə, dilinə sadiq, bilikli, savadlı, bacarıqlı, müstəqil düşüncəli vətəndaşlar yetişdirməkdir.