0702133333

0702133333

Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
16.10.2024 16:03

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq suyektlərinin rəhbərləri ilə görüşüb.

Bu barədə ”Report”a Dövlət Komitəsindən məlumat verilib.

Prezident İlham Əliyevin qaçqınların və məcburi köşkünlərin təhsil problemlərinin həllini daim diqqətdə saxladığını, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədəki təşəbbüslərinin, xüsusən, Heydər Əliyev Fondunun icra etdiyi layihələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan komitə sədri Böyük Qayıdış prosesində də təhsillə bağlı məsələlərin hərtərəfli əhatə olunduğunu bildirib. Görüş iştirakçılarına məlumat verilib ki, indiyədək doğma yurduna qayıtmış 8660 nəfər keçmiş məcburi köçkünün 1000 nəfərindən çoxu məktəblilərdir. Onların davamlı təhsil alması üçün həmin yerlərdə təhsil müəssisiləri tikilib istifadəyə verilib və fəaliyyətə başlayıb. İstər Böyük Qayıdış çərçivəsində əvvəlki daimi yaşayış yerlərinə qayıdan, istərsə də hələ müvəqqəti məskunlaşma yerlərində olan ailələrin övladlarını müasir səviyyədə təhsil almasında ictimai dəstəyin vacibliyi qeyd edilib.

Görüşdə çıxış edən “Baku Design Academy”nin rəhbəri, həmçinin Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) Təhsil Komitəsinin sədri Aysel Gülməmmədova özəl təhsil subyektlərinin Böyük Qayıdış prosesinə töhfə vermək istədiyini, bu məqsədlə Qarabağda və Şərqi Zəngəzurda maarifləndirmə tədbirləri həyata keçirməyi və təqaüd proqramları təşkil etməyi planlaşdırdığını bildirib. Tədbirdə bildirilib ki, maarifləndirmə proqramı vasitəsi ilə şagirdlərə innovativ təhsil metodları, texnoloji bacarıqlar, liderlik keyfiyyətləri və iqtisadiyyatın müxtəlif sektorlarına dair biliklər çatdırılacaq. Gənclərin təhsili və inkişafı məqsədi ilə iqtisadiyyat, rəqəmsal marketinq, elektronlaşma, İT həllər, dizayn və digər bu kimi sahələrdə təqaüd proqramları təqdim olunacaq.

Görüşdə doğma yurda qayıtmış və qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlərin təhsilinə “Facemark” şirkətinin KOBSKA ilə birlikdə dəstək vermək təşəbbüsü təqdir edilib və Dövlət Komitəsinin bu təşəbbüsü dəstəklədiyi, onun uğurla həyata keçirilməsində kömək etməyə hazır olduğu bildirilib.