0702133333

0702133333

Məktəb bilik çeşməsi, müəllim nur paylayandır
06.10.2024 03:49

Xalqımız şərəfli peşə sahiblərinin bayramını təntənə ilə qeyd etdiAlmanların bir ifadəsini xatırlamaq yerinə düşər: “Gələcək mənimdir, çünki müəllimim var”. Bu mənada ölkəmizdə də müəllim adı daim urvatda tutulur. Ulu öndər Heydər Əliyev deyib: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”.Dünya tarixində iz qoymuş müəllimlər çox olub. Türkiyənin baş müəllimi Mustafa Kamal Atatürk milləti üçün atdığı hər adımda və inqilablarda təhsili hər zaman çox vacib amil olaraq görüb. Aristotel özü də pedaqoq idi, həmişə təhsilin zəruriliyindən və müəllimlərin əhəmiyyətindən danışırdı. “Yaxşı müəllimlər bizim biz olmağımızda, bizi düzəltməkdə mühüm rol oynayırlar” – deyirdi.UNESCO-nun qərarı ilə düz 30 il əvvəl təsis edilmiş Beynəlxalq Müəllimlər Günü Azərbaycanda bu müqəddəs peşənin sahiblərinə böyük ehtiramla qeyd olunur.Gözünün nurunu şagirdlərinin yolunda şəraq edib yandıran, qara saçını təbaşir kimi ağardan, davranışları ilə etalon olan müəllimlərsə örnək göstərilir, lazımi dəyərini alır və bundan daha da ruhlanırlar.Parlayan ulduzdu, nur saçan aydı,Dalğalı dənizdi, ləpəli çaydı,Ömrü ömürlərə calanan paydı,Safdı, müqəddəsdi müəllim ömrü.Adını və müəllifini xatırlamadığım bir hekayədə göstərilir ki, müəllim hər gün məktəbə pencəyinin boynunda ağappaq yaxalıqla gəlməsi ilə diqqətləri çəkərdi. Bir qış günü o, soyuqdəymədən xəstələnir və məlum olur ki, binəvanın geyinməyə köynəyi yoxmuş, eləcə hər axşam boş yaxalığı yuyar, səhər durub ütüləyər və böynuna taxıb dərsə gələrmiş. Köynək almağa belə imkanı olmasa da, o, məktəbdən, sevimli peşəsindən ayrılmağı ağlına belə gətirməyibmiş. Hər dəfə müəllim peşəsi barədə düşünəndə həmin hekayəni xatırlayıram.Belə fədakar müəllimlər indi də var. Belələrinə Vətən müharibəsində Suqovuşanda qəhrəmancasına şəhid olub tarix yazan, İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə, Yardımlının Dəlləkli kəndində qış günü şagirdlərini sıraya düzərək, qar basmış cığırlarla məktəbə aparan müəllim Nəcəf Məhərrəmov misal ola bilərlər.Prezident İlham Əliyev pedaqoq əməyini yüksək qiymətləndirərək deyib: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur”. Statistikaya görə, Azərbaycanda 300 mindən artıq təhsil işçisi var. Qabaqcıl təcrübəsi geniş yayılan pedaqoqlar, gələcəyimiz olan nəsli yetişdirən, gənclərim beyinlərini zəka, əxlaq, Vətən sevgisi nuruna qərq edən müəllimlər də çoxdur.Biz eyni zamanda Azərbaycan elmini və pedaqogikasını dünyada tanıdan müəllimlərimizlə fəxr edirik. Ölkəmizdə təhsilin maddi-texniki bazası daim genişləndirilir. İşğaldan azad olunmuş rayonlarımızda yeni müasir məktəb binaları tikilib istifadəyə verilir. Elə bir neçə gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Yeni təhsil ocağında 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.Müəllimlər cəmiyyətin memarlarıdır. Öz həyatlarını xalqın gələcəyinə həsr edən bu şərəfli peşə sahiblərini təbrik edirik!NaxçıvanBeynəlxalq Müəllimlər Günü münasibətilə Naxçıvan Dövlət Universitetində (NDU) mərasim keçirilib.Əvvəlcə universitet televiziyasının əlamətdar günə həsr olunmuş videoçarxı nümayiş etdirilib. Sonra ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin professor-müəllim heyətinin timsalında bütün pedaqoqlara təbriklərini çatdırıb, müəllim əməyinin, zəhmətinin əhəmiyyətindən söz açıb. Diqqətə çatdırıb ki, müəllim adına hər zaman yüksək dəyər verən ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğı bu gün uğurla davam etdirilir. Dövlət başçısıİlham Əliyevin himayəsi və qayğısı ilə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.Rektor bildirib ki, ölkəmizin aparıcı ali təhsil ocaqlarından olan NDU-da çalışan professor-müəllim heyəti də müəllimlər üçün yaradılan şəraitdən bəhrələnərək gələcəyin peşəkar, ixtisaslı kadrlarını hazırlayırlar. Hər il keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq NDU-nun müxtəlif müəllimlik ixtisasını seçən tələbələrin sayında artımın müşahidə olunması onu göstərir ki, cəmiyyətimizdə şərəfli müəllim adına dəyər verilir, peşəkar pedaqoqların davamçıları hazırlanır.Universitetin ümumi tarix kafedrasının dosenti, qocaman müəllim, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov ali təhsil ocağında müəllim əməyinə verilən dəyəri yüksək qiymətləndirib. 54 illik müəllimlik fəaliyyətində savadlı, Vətənə bağlı gənclərin yetişməsində göstərdiyi xidmətlərdən məmnunluğunu ifadə edib.Stomatologiya kafedrasının müəllimi, NDU-nun ən gənc pedaqoqu Aygün Yusifova bildirib ki, ali təhsil ocağında yetişən gənclər dünyanın fərqli ölkələrində universiteti uğurla təmsil edirlər. O, təhsilin cəmiyyət üçün davamlı inkişafı şərtləndirən əsas amillərdən biri olduğunu deyib.Qəbul imtahanlarında 650 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin riyaziyyat müəllimliyi ixtisasını seçən I kurs tələbəsi Gülay Kərimli də çıxış edib. O qeyd edib ki, uşaqlıqdan arzusunda olduğu müəllimlik ixtisasında təhsil almağa nail olub və gələcəkdə bu şərəfli peşənin davamçılarından olacağı üçün qürurludur.İncəsənət fakültəsi ilə Musiqi kolleci tələbələri səsləndirdikləri musiqi nömrələri ilə bayrama rəng qatıblar.GəncəGəncə–Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində pedaqoji kollektivlərin rəhbərləri, ziyalılar, tələbə və şagirdlər, valideynlər iştirak ediblər.Çıxış edənlər müəllimlərin cəmiyyətdə böyük hörmət sahibi olduqlarını vurğulayıb, onların yüksək peşə hazırlığının və sosial rifahının dövlətin xüsusi önəm verdiyi məsələlərdən olduğunu vurğulayıblar. Prezident İlham Əliyevin gənclərin və böyüyən nəslin bilikli, savadlı, yüksək intellektli olması ilə bağlı verdiyi tövsiyələrin Gəncədə də pedaqoji kollektivlərin əsas fəaliyyət proqramı olduğu bildirilib. Hər il təhsilin daha da keyfiyyətli olması üçün bütün bölgələrdə olduğu kimi, Gəncənin də təhsil ocaqlarında əsaslı təmir işləri aparıldığı, maddi texniki bazaların möhkəmləndiyi diqqətə çatdırılıb.Tədbirdə iştirak edən rəsmi qonaqlar ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıdan bəhs ediblər. Ölkəmizdə təhsil sahəsinin inkişafından, həyata keçirilən islahatlardan danışılıb, müəllimlərə bu çətin və şərəfli peşələrində uğurlar arzu edilib.Daha sonra bir qrup təhsil işçisi 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təltif olunublar. Tədbir şagirdlərin nümunəvi çıxışları ilə davam edib.SumqayıtGənclik şəhərində 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü maraqlı tədbirlə yadda qalıb.Şəhər Bulvarındakı Muğam Mərkəzində təşkil olunan görüşdə çıxış edən icra hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.Şəhər rəhbəri son illər ölkəmizdə elmin, təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan, dövlət proqramlarından və əldə olunan nailiyyətlərdən söz açıb. Qeyd olunub ki, dövlətimizin təhsil sahəsində göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı gündən-günə daha da artır. Bildirilib ki, son illərdə Sumqayıtda yeni məktəblərin inşası bunun bariz nümunəsidir.Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, müəllimlər şagirdlərə elm öyrətməklə yanaşı, həm də Vətən sevgisi, qəhrəmanlıq öyrədir. Çıxış edən təhsil işçiləri yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli və savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman təqdim olunub.MingəçevirNur şəhərində təşkil olunan bayram mərasimində çıxış edən hər kəs ümumtəhsil məktəblərinin rəhbərlərini və nümayəndələrini salamlayıb peşə bayramı münasibətilə təbrik edib.Çıxışlarda qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, Mingəçevirdə də müasir texnika və texnologiyalarla təchiz olunmuş məktəb binaları tikilir və əsaslı təmir edilərək müəllim və şagirdlərin istifadəsinə verilir. Yaradılan bütün bu şərait, eləcə də müəllimlərin yüksək peşə səviyyəsi sayəsində təhsildə uğurlar durmadan artır. Ölkə Prezidenti İlham Əliyevin bir gün əvvəl imzaladığı sərəncamda bir qrup təhsil işçisinin fəxri fərman və medalla təltif edildiyi qeyd olundu. Onların arasında Mingəçevir Şəhər Texniki Humanitar Liseyin müəllimi Yaşar İsmayılov “Əməkdar müəllim” fəxri adına layiq görülüb.Natiqlər vurğulayıblar ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğı da danılmazdır. Çıxış edən şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov ölkədə təhsilə göstərilən daimi diqqət və qayğıdan danışıb, müəllim və şagirdlərin uğurlarından, müsabiqə və bilik yarışlarındakı fəallıqlarından bəhs edib. O, əminliklə bildirib ki, bundan sonra da Mingəçevir şəhərində fəaliyyət göstərən pedaqoji kollektiv qarşıya qoyulan vəzifələri ləyaqətlə yerinə yetirəcək.AğdamAğdam rayonu Ələsgər Quliyev adına l Sarıcalı kənd tam orta məktəbin riyaziyyat müəllimi Günay Rüstəmli peşə bayramı günündə ürək sözlərini jurnalistlərlə bölüşüb. Onun dediklərini təqdim edirik:– Özümün məktəb illərim məcburi köçkün olduğumuz dövrə təsadüf edib. Orta təhsilimi Mingəçevir şəhərində yerləşən Ağdam 128 nömrəli tam orta məktəbdə almışam. Həmin illərdə dərsliklər tapmaqda çətinlik çəkir, bir kitabı bir neçə sinif yoldaşı ilə növbəli şəkildə oxuyurduq. Lakin çətinliklərə baxmayaraq, hər zaman əlaçı olmuşam. Həyatımda iz qoyan insanlardan biri riyaziyyat fənnini tədris edən Sabir müəllim olub. Bu gün qazandığım bilik və bacarıqlara görə ona borcluyam. Ali təhsilimi fərqlənmə ilə başa vurmuş, növbəti mərhələdə ADA Universitetinin təhsilin və təlimin təşkili metodikası ixtisasında magistratura təhsili almışam.Ağdamın cəbhə xəttində yerləşən ərazilərində müəllimə böyük ehtiyac olduğunu öyrənib, şəhər-rayon mərkəzlərini deyil, doğma rayonumun cəbhə xəttində yerləşən Səfərli qəsəbə 91 nömrəli tam orta məktəbini seçmişəm. Daha sonra Ələsgər Quliyev adına l Sarıcalı kənd tam orta məktəbinə keçmişəm. 2020-ci ilədək yaşadığımız ərazi cəbhə xətti idi, arada bir kilometr məsafə vardı. Qorxmadan, heç nədən çəkinmədən çalışırdıq. İndi vəziyyət son dərəcə yaxşıdır. Torpaqlarımız işğaldan azad olunub, müharibə arxada qalıb.Fəxr edirəm ki, onlarla yetirməm ölkənin müxtəlif ali məktəblərində təhsil alır. Vaxtilə dərs dediyim şagirdlərin bəziləri isə indi mənimlə çiyin-çiyinə çalışırlar. Bu da bir müəllim kimi məni çox qürurlandırır. Bütün həmkarlarımı təbrik edirəm!Naftalan5 Oktyabr Beynəlxalq Müəllimlər Günündə Naftalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Fuad Zamanov, təşkilatçı Esmira Zeynalova və ədəbiyyat müəllimi İlahə Musayeva təqaüddə olan keçmiş iş yoldaşları, şəhid anası Tərlan Namazovanı mənzilində ziyarət ediblər.Onlar keçmiş iş yoldaşlarını səmimi təbrik edərək onun 44 il Naftalanda Azərbaycan dili və ədəbiyyatı fənnini yüksək səviyyədə tədris etdiyini, şəhərdə yeganə şəhid anası müəllim olduğunu ehtiramla qeyd ediblər. Bildirilib ki, Tərlan Namazova şəhərdə çoxsaylı yetirmələri olan nüfuzlu müəllim, Vətən yolunda canından keçmiş övlad yetirmiş qeyrətli ana kimi tanınır və sevilir. Onun oğlu şəhid Vüqar Namazov ailəsi ilə yanaşı, Naftalana da əbədi başucalığı gətirib.Tərlan müəllim doğma kollektivin diqqət və ehtiramına, dövlətimizin şəhid anası kimi göstərdiyi qayğı və himayəyə görə dərin razılığını bildirib. O, Qarabağ zəfərimizin ailələrinə təsəlli və qürur gətirdiyni fəxrlə söyləyib.QubaRayondakı möhtəşəm Heydər Əliyev Mərkəzində Quba–Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin iştirakı ilə 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə regional konfrans keçirilib.Konfransda bölgənin pedaqoji kollektivlərinin nümayəndələri, təhsil üzrə məsul şəxslər iştirak ediblər. Çıxış edənlər ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyinə verilən yüksək qiymətdən, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən bəhs ediblər. Qeyd olunub ki, möhtərəm Prezidentimiz İlham Əliyevin elm və təhsilə diqqəti dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edib və daim nəzarətdə saxlayır.Natiqlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanımı Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstəkdən minnətdarlıqla danışıblar. Təhsil işçilərinin əməkhaqlarının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların təhsil işçiləri üçün böyük stimul yaratdığı vurğulanıb.Konfransın sonunda təhsildə fərqlənmiş bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim edilib.Əli NƏCƏFXANLI,Zərifə BƏŞİRQIZIXQ