Laçın Alıyev 1992-ci il yanvarın 22-də Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində anadan olub. Ailəli idi. Aylin adında qızı və Cahid adında oğlu yadigar qaldı. Azərbaycan Ordusunun giziri olan Laçın Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Laçın Alıyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Laçın Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Laçın Alıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Laçın Alıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.