Ağamid Şirzaid oğlu Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Uşaqlıq illəri Lerik şəhərində keçib. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. Ağamid orta təhsilini başa vurduqdan sonra 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Tərtər rayonunun "N" saylı hərbi hissəsinə göndərilib. Xidmət göstərdiyi dövrdə kəşfiyyatçı olub. 2015-ci ilin iyul ayında hərbi xidməti başa vuraraq geri qayıdıb və Bakıda bərbər işləməyə başlayıb. 2-ci Vətən müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən başlayan müharibədə iştirak etmək üçün 30 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək kəşfiyyatçı kimi müharibədə iştirak etmiş, düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Ağamid dövlətimizin ərazi bütövlüyü uğrunda Füzuli döyüşlərində canından keçərək 24 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Şəhidimizin nəşi doğulduğu Lerik şəhərinə gətirilərək orada torpağa tapşırılıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, könüllü əsgər Ağamid Şirzaid oğlu Ağacəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" , "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.