“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, müasir elmdə uğur qazanmaq üçün təkcə bilik kifayət etmir, eyni zamanda müxtəlif bacarıqlara və istedada sahib olmaq vacibdir. Şagirdlərin bu istedadlarını vaxtında aşkar edib dəyərləndirmək və inkişaf etdirmək də olduqca önəmlidir. Məhz bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən intellektual oyunlar, fənn olimpiadaları, “Sabahın alimləri” müsabiqəsi və STEAM layihəsi təşkil edilir.
Nazir müavini şagirdlərin müsabiqə çərçivəsində hazırladıqları innovativ layihələrdən bəhs edərək qeyd edib ki, bu layihələr bugünkü şagirdlərin gələcəkdə müxtəlif tədqiqat sahələrində fəaliyyət göstərəcək alimlər olacaqlarını deməyə əsas verir. F.Qurbanov əlavə edib ki, bu gün dinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətinin səmərəliliyindən asılıdır.
Çıxış edən Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev son illər ölkəmizdə gənclərin hərtərəfli biliklərə yiyələnməsi, onların elmi potensialının üzə çıxarılması istiqamətində həyata keçirilmiş layihələrdən danışıb.
Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə isə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr veriləcək.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.