0702133333

0702133333

Lənkəranda peşə təhsilinin inkişafına həsr olunan regional konfrans keçirilib
28.01.2025 15:46

Lənkəranda ”Lənkəran-Astara iqtisadi rayonunun iqtisadi inkişafında peşə təhsilinin rolu: imkanlar və çağırışlar” mövzusunda regional konfrans təşkil edilib.

“Report”un Cənub bürosunun məlumatına görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçiriləm növbəti konfransda dövlət qurumlarının, biznes sektorunun, təhsil müəssisələrinin və digər maraqlı tərəflərin iştirakı ilə peşə təhsilinin regionun iqtisadi inkişafındakı strateji əhəmiyyəti müzakirə olunub.

Tədbirdə regionun mövcud iqtisadi potensialına uyğun olaraq peşə təhsili sahəsindəki imkanların artırılması və əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirin açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Kənan Mirzəyev və Lənkəran şəhər icra hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva çıxış edərək, Lənkəran-Astara iqtisadi rayonunun spesifik xüsusiyyətləri, regionda peşə təhsili sahəsində görülən işlər və gələcək perspektivlər barədə məlumat veriblər.

Konfransda dövlət-özəl tərəfdaşlığı: insan resurslarının idarə edilməsi və peşə təhsili və kadr hazırlığının regional inkişafa təsiri mövzusunda panel müzakirələri keçirilib.

Müzakirələrdə toxunulan əsas mövzular, kənd təsərrüfatı və aqrar sənaye üçün peşə təhsilli kadrların hazırlanması, turizm və xidmət sektorunun inkişafı üçün ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi, əmək bazarı ilə təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının modernləşdirilməsi və beynəlxalq təcrübələrin tətbiqi və inteqrasiyası olub.

Tədbirin yekununda Dual peşə təhsili proqramında əməkdaşlıq edən tərəfdaşlara təşəkkürnamələr təqdim edilib.

Konfransda irəli sürülən tövsiyələrin peşə təhsilinin daha da inkişaf etdirilməsi məqsədilə gələcək fəaliyyətlər üçün əsas götürüləcəyi vurğulanıb.

Bizim WhatsApp kanalımıza abunə olun