”Uşaq xəstələnib uzun müddət bağçaya (“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində seçilmiş bağçalara- R.D.) gedə bilməzsə, ödəniş müəyyən şərtlər daxilində tənzimlənəcək. Əgər uşağın davamiyyəti üzrsüz səbəbdən ardıcıl olaraq pozulubsa, bu halda həmin uşaq növbədə olan başqa bir uşaqla əvəz oluna bilər. Lakin uşağın xəstələnməsi və ya digər üzrlü səbəblər bu vəziyyətə daxil deyil”.Bunu TƏHSİL.BİZ -ə Elm və Təhsil Nazirliyinin (ETN) Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.Onun sözlərinə görə, belə hallarda bağçaya uşağın xəstə olduğunu təsdiq edən müvafiq sənəd – tibbi arayış təqdim edilməlidir. Uşaq bağçada təhsilinə bu sənəd təqdim edildikdən sonra davam edə bilər: “Bu yanaşma uşağın sağlamlığını ön planda tutmaqla yanaşı, ailələrə də müəyyən dərəcədə dəstək olmağı hədəfləyir. Eyni zamanda, bağçalar üçün də bu, müvafiq resursların səmərəli idarəolunması və uşaqların təhsil prosesinin davamlılığının təmin edilməsi baxımından vacibdir”.Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl bağçaların boş qalan yerlərinə cəlbi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsi məqsədilə “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” keçirib. Müsabiqəsi çərçivəsində seçilmiş özəl təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.