0702133333

0702133333

BMU tələbələri “Rəqəmsal layihələr” müsabiqəsi barədə məlumatlandırılıb
31.10.2024 16:47

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Gənclər Fondunun “Rəqəmsal layihələr” qrant müsabiqəsi ilə bağlı tələbələr üçün maarifləndirici tədbir keçirilib.BMU-dan Tehsil.biz-ə bildirilib ki, tədbirdə çıxış edən universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, dövlət tərəfindən təşkil olunan müxtəlif tədbirlərin, habelə belə müsabiqələrin çağdaş nəslin inkişafına, vətənpərvərlik ruhunda tərbiyəsinə, gələcək üçün peşəkar kadr kimi yetişməsinə xidmət etdiyini bildirib. Prorektor vurğulayıb ki, rəqəmsal mövzular müasir dünyada xüsusi aktuallıq kəsb edir və innovativ, yaradıcı layihələrdə iştirak hər bir gəncin gələcək karyerasında uğurlu bir başlanğıca çevrilir. BMU-da fəaliyyət göstərən gənclər təşkilatları haqqında da danışan Bayram Hüseynzadə tələbələri belə müsabiqələrdə aktiv olmağa çağırıb.Gənclər Fondunun əməkdaşı Bənövşə Qasımova bildirib ki, gənclərin innovativ təşəbbüslərini dəstəkləmək və onların rəqəmsal məzmun yaratmaq qabiliyyətlərini inkişaf etdirmək məqsədilə keçirilən müsabiqəyə 18-29 yaş aralığında olan gənclər müraciət edə bilərlər. Layihələr rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə innovativ həllər, eləcə də kreativ maarifləndirici, məlumatlandırıcı, o cümlədən əyləncəli rəqəmsal məzmun istiqamətləri üzrə hazırlanmalı və 3 ay müddətində həyata keçirilməlidir.Tədbir zamanı tələbələrə rəqəmsal ideyalarını gerçəkləşdirmək üçün istifadə etməli olduqları əsas yanaşma və texnoloji həllər tövsiyə edilib, eləcə də layihələrin unikal yanaşma, nəzərdə tutulan büdcə əsasında həyata keçirilməsi mümkünlüyü, texnoloji uyğunluq, reallaşdırılma potensialı kimi meyarlar əsasında seçiləcəyi diqqətə çatdırılıb. Əlavə olunub ki, fərdi layihələr 5000, yerli təşkilat layihələri 10000, beynəlxalq təşkilat layihələri isə 15000 AZN məbləğində dəyərləndiriləcək.Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.