Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “AHİK könüllüləri” proqramının təqdimatı keçirilib.Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, tələbələrin könüllülük fəaliyyətlərində iştirakına təşviq məqsədi daşıyan təqdimatda BMU Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova son illərdə aktuallaşan könüllülük hərəkatından həm ölkəmizin, həm də gənclərimizin qazandığı uğurlu məqamları diqqətə çatdırıb.Tədbirdə AHİK-in nümayəndəsi Vüsalə Hümbətli proqram haqqında tələbələrə geniş məlumat verib. Bildirib ki, proqramın məqsədi ölkəmizin rifahı üçün çalışan, cəmiyyətin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsində ictimai fəallar şəbəkəsi yaratmaq, həmçinin gənclərin bilik və bacarıqlarının artırılmasına dəstək göstərməkdən ibarətdir. O, proqramın əsas vəzifəsinin AHİK-in tədbirlərinə könüllülər cəlb etməklə fəal və sosial məsuliyyətli gənclər yetişdirmək, ictimai problemlərin həllində onların rolunu artırmaq olduğunu deyərək, könüllülüyün ən üstün cəhəti kimi gənclərin məşğulluğuna dəstəyi qeyd edib.Təqdimatda könüllülərin idarəedilməsi mexanizmi, komanda işinin təşkili, həvəsləndirmə, təlim və seminarların keçirilməsi məsələlərindən də əfraflı bəhs olunub.Tədbirin sual-cavab sessiyasında konfederasiyanın digər təmsilçisi Ələkbər Bafadarov tələbələrin proqrama müraciət qaydası, seçim meyarları barədə suallarını cavablandırıb.