Ölkəmizdə QR kod əsasında tətbiq edilən ”İnformatika bələdçisi” vəsaiti işıq üzü görüb.
İT mütəxəssisi, informatika müəllimi və kitabın müəlliflərindən biri olan Tural Sofuyev AzEdu.az-a açıqlamasında bu vəsaitin əhəmiyyətindən danışıb.
“QR kod əsasında hazırlanan vəsaitimiz artıq tamamlanıb. Bu kitab həm müəllimlərin işə qəbulu müsabiqəsi, həm də abituriyentlər üçün respublikada ilk olan çap məhsullarından biridir. Kitabımızın adı “İnformatika bələdçisi”dir. O, digər hazırlıq vasitələrindən fərqlənir. Belə ki, bu istiqamət üzrə hər il müxtəlif müəlliflərin vəsaitləri işıq üzü görür, onlar hər il yenilənmiş nəşir formatında olurlar. Bizim kitabımız isə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən edilən dəyişikləri özündə əks etdirəcək. Bu sistem vasitəsi ilə elektron şəkildə cavablandırma və hər sualın müəlliflər tərəfindən izahı, həmçinin, videoizahlar da yer alacaq. Bundan əlavə, elə müdavimlər olur ki, imkan daxilində hazırlaşmağa vaxt tapmırlar. Onların repetitor yanına getməyə maddiyyat və zaman səbəbindən imkanı olmur. Bu səbəbdən, videodərslər vasitəsi ilə avtomatik olaraq həmin şəxslər elektron vəsaitlər əldə edir , videodərslərə və təhlillərə baxaraq, hazırlaşmaq imkanı qazanırlar”.
O, həmçinin, bu üslubda olan digər kitablar haqqında məlumat verib:
“Bu üslubda olan QR kod versiyasını özündə əks etdirən kitablar yazılıb, lakin onlar sualların youtube üzərindən izahını əks etdirib.
Ümumilikdə hər mövzuya uyğun olaraq 500 test tapşırığı verilib. Hər testi işlədikdə istər-istəməz onun cavabına baxmaqla əzbərləməyə çalışırdıq, burada isə avtomatik olaraq elektron cavablamadan sonra videotəhlil müdavimin qarşısına gələcək. Videotəhlil vasitəsi ilə müdavim cavabın nə olduğunu və izahını görəcək”.