Bu gün AzEdu təhsil portalının nəzdində fəaliyyət göstərən Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzində ekspert və ziyalıların iştirakı ilə növbəti görüş keçirilib.
Görüşdə “Dərsliklərin çapı və hazırlanması prosesində yaranan maneələr, müəllif monopoliyası və bunun keyfiyyətinə mənfi təsiri” mövzusu istiqamətində maraqlı müzakirə aparılıb.
Müzakirə zamanı bir çox maraqlı məqamlar qabardılıb, çatışmazlıqlar tənqid olunub və onların aradan qaldırılması istiqamətində təkliflər irəli sürülüb. Xatırladaq ki, mütəxəssislər tərəfindən irəli sürülən bu təkliflər Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi tərəfindən sistemləşdirilib ictimailəşdiriləcək və aiddiyyatı dövlət qurumlarına təqdim ediləcək.
Qeyd edək ki, dərslik problemi Elm və Təhsil Nazirliyinin də xüsusilə diqqətindədir. Qurumun həllinə çalışdığı əsas məsələlərdən biri olan dərsliklərlə bağlı ictimai dəstək xarakteri daşıyan bu müzakirələrin əsas məqsədi təhsilimizin gələcəyi istiqamətində uğurlu addımlara az da olsa töhfə verməkdir. Xatırladaq ki, nazirlik tərkibindəki Təhsil İnstitutununda da sırf bununla əlaqəli monitorinq mərkəzi yaradılıb və AzEdu təhsil portalı nəzdindəki mərkəz də bu məsələdə ictimai dəstək funksiyasını həyata keçirir.
Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, dərslik məsələləri ilə bağlı mütəxəssis Fəxrəddin Yusifov, AzEdu təhsil portalının təsisçisi Elşad Eyvazlı, Yazıçılar Birliyinin “Azərbaycan” jurnalının şöbə müdiri, şair Qəşəm Nəcəfzadə, Respublika Təhsil Şurasının nümayəndəsi, tanınmış pedaqoq Arif Gürşadoğlu, Ədəbiyyat vəsaitinin müəllifi Nizami Hüseynov, Tarix fənni ilə bağlı vəsaitin müəllifi, tanınmış müəllim Cahid İmanlı, informatika dərsliyinin müəllifi Tural Sofuyev, araşdırmaçı jurnalist Məzahir Məmmədli, AzEdu portalının əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Müzakirəni giriş nitqi AzEdu təhsil portalının təsisçisi Elşad Eyvazlı açıq elan edib. O, Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin həyata keçirdiyi görüşləri qiymətləndirərək, onların əhəmiyyəti və davamlılığı haqqında məlumat verib. Dərsliklərlə əlaqəli ən çox rastlanan problemləri, müzakirə mövzusunun aktuallığını faktlarla əsaslandıraraq iştirakçıları müzakirəyə dəvət edib:
ADPU-nun dosenti Fəxrəddin Yusifov dərsliklərdə olan problemlərin həlli üçün təkliflərlə çıxış edərək onların həlli istiqamətində fikirlər səsləndirib.
O, qeyd edib ki, dərsliklərin daha keyfiyyətli olması üçün müəllimlər bu işə cəlb edilməli və müəlliflər arasında aparılan seçim düzgün istiqamətə yönəlməlidir:
“İstənilən fənn üzrə hər sinif yalnız bir müəllif və ya müəlliflər qrupu tərəfindən yazılmalıdır. O zaman dərsliklərdə olan problemlərin bir çoxu aradan qalxar. Məsələn, biz görürük ki, hansısa fənn 5-ci sinifdən 11-ci sinifə qədər eyni şəxslər tərəfindən yazılır. Bu hal yaşandıqca dərsliklərlə bağlı problemlər də qalacaq”.
Dosent, həmçinin, vurğulayıb ki, “Erməni tarixi ilə bağlı məlumatlar dərsliklərdə yer almalıdır, bizim onlara cavab vermə imkanımız yaradılmalıdır:
“Biz erməni tarixini gizlətməməliyik, onu öyrətməli, Cənubi Qafqazda olan proseslər haqqında məlumat verməliyik. Bu istiqamətdə dərsliklərdə informasiyalar yer almalı və onlar şagirdlərə ötürülməlidir”-deyə, o bildirib.
Şair Qəşəm Nəcəfzadə vurğulayıb ki, dərsliklər standartlara uyğun deyil. O, bu istiqamətdə Azərbaycan dili dərsliklərində olan səhvlərin də ciddi xarakter daşıdığını deyib.
O qeyd edib ki, Filologiya fakültələri bir-iki şairdən başqa heç kimi tanımır və dərsliklərə daxil etmirlər:
”1980-1990 və sonrakı illərə aid ədəbiyyat nümunələri filologiya fakültələrində yox dərəcəsindədir. Həmin kitablara baxdıqda yalnız Ramiz Rövşən və Nüsrət Kəsəmənlinin geniş təbliğ edildiyini görürük, amma digər yazıçı və şairlərə az yer verilir”.
Bir maraqlı faktı da diqqətə çatdıran şair deyib ki, 1 müəllif 6 nəşriyyatda həm redaktor, həm korrektor kimi çalışıb:
“Dərsliklərdə uydurma müəlliflərin sayı çoxdur, nəşriyyatlar özlərindən yalançı müəllif yaradaraq onların adından şeirlər yazırlar. Biabırçı vəziyyət yaranıb”-deyə, o bildirib.
Araşdırmaçı jurnalist Məzahir Məmmədli Elm və Təhsil Nazirliyini dərslik hazırlanması istiqamətində ciddi düşünməyə çağırıb:
“Bir zamanlar nazirliyin “Maarif” nəşriyyatı yaradılmışdı. İndi də bu təcrübədən yararlanılmalıdır. Təhsil Nazirliyinin dərsliklərin çapı məqsədilə vahid mətbəə yaratması çox vacibdir. Çünki hər dəfə dərsliklərin hazırlanması və çapına böyük məbləğdə pullar sərf olunur. Hər hansı bir səhvə görə böyük tirajla çıxan dərslikləri yenidən çap etmək ciddi maliyyə itkisidir”.
O, ümumtəhsil məktəblərində tarix kitabları ilə bağlı ciddi problemlərə də toxunub:
“DİM həm testi hazırlayıb, həm həyata keçirə bilməz. Bununla bağlı sistem yaradılmalıdır. Komissiya formalaşmalıdır. Yaxşı olar ki, dərs vəsaitləri bu komissiyalar tərəfindən ərsəyə gətirilsin, bu, monopoliyanın qarşısını alacaq”-deyə, jurnalist bildirib.
Təhsil Şurasının nümayəndəsi, tanınmış pedaqoq Arif Gürşadoğlu dərsliklərin yazılmasında əsas problemin bu işin Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməməsində görüb:
“Elm və Təhsil Nazirliyi ilə DİM arasında münasibətsizliyin qurbanı abituriyentlərdir. İki qrum arasında intriqa illərdir davam edir. Lakin bu heç kimə xeyir gətirmir, iki qurum birləşməlidir, yoxsa problem qalıcı olacaq”-deyə, o bildirib.
Tanınmış müəllim, Ədəbiyyata aid dərsliyin müəllifi Nizami Hüseynov dərsliklərin lazımsız məlumatlarla doldurulmasının əsassız və şagirdlər üçün yorucu olduğunu deyib:
“Dərsliklər lazımi məlumatlara üstünlük verərək şagirdlərin əsas informasiyaya yönəlməsinə səbəb olmalıdır.
Bu gün Elm və Təhsil Nazirliyinin tabeliyində hansısa nəşriyyatın isə yaradılmasına qəti şəkildə ehtiyac yoxdur. Ən vacibi fəaliyyətdə olan nəşriyyatların inkişafı və onların dərslik siyasətlərinin yenilənməsidir”.
İnformatika dərsliyinin müəllifi Tural Sofiyev dünya təcrübəsində dərsliklərin yazılması və onlara olan münasibətlərdən söz açıb.
O, qeyd edib ki, dərsliklərin standartları müəyyənləşməli və onlara uyğun olaraq çap məhsullarının istehsal edilməsinə start verilməlidir.
Tarix və Zəfər tarixi ilə bağlı zəruri vəsaitin müəllifi Cahid İmanov dərsliklərin dil-üslub xüsusiyyətlərinə toxunaraq onların düzgün şəkildə formalaşmasının vacibliyi qeyd edib:
“Bəzi dərsliklərin dili olduqca bayağı və məişət üslubundadır. Əlavə edib ki, bu, da şagirdlərin intellektual səviyyədə yetişməsinə əngəl törədir.
Müəllim müzakirə zamanı tez-tez rastlanan bir məsələyə - dərsliklərin niyə 4 ildən bir yenilənməsinə-olan etirazla razılaşmayıb. Onun fikrincə, dərsliklərin tam yenilənməsi üçün ayrılan zaman müddəti tam normaldır.
Müzakirə zamanı dəsrliklərin keyfiyyətinin artırılması üçün bir çox zəruri təkliflər irəli sürülüb. Həmin təkliflər Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzi tərəfindən sistemləşdirilib. Onlara əlavə olunduqdan sonra təkliflər aidiyyatı dövlət qurumlarına təqdim ediləcək, problematik məqamlar ictimailəşdiriləcək.