Abdalov Nurlan Faiq oğlu 12 iyun 2000 - ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2006-2017- ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2012-2015 -ci illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirmişdir. 2018- ci ildə həqiqi hərbi xidmətə çağırılmış və 2020 - ci ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdır. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olmuş, ailəsinə 2 dəfə təşəkkur məktubu göndərilmişdir. Müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına yazılmış və 2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlamış və manqa komandiri baş çavuş vəzifəsinə yüksəlmişdir. Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana qarşı başlanan əks-hücum əməliyyatlarında iştirak etmiş,2-ci Qarabağ müharibəsində mərdliklə vuruşmuş, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak etmişdir. 3 noyabr 2020- ci ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə şəhid olmuşdur. 5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdalov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Abdalov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.