Toğrul Abbasov 1990-cı il dekabrın 31-də Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olub. Toğrul Abbasov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Toğrul Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Toğrul Abbasov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.