0702133333

0702133333

Samir Azər oğlu Abbasov

Vətən müharibəsinin şəhidi. Samir Abbasov 10 iyul 1997-ci ildə Neftçala rayonunun Xol Qaraqaşlı kəndində anadan olmuşdur. O, 2002-ci ildə Neftçala rayonu Xolqaraqaşlı kənd Qismət Nuralıyev adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin məzunu olmuşdur. 2018-ci ildə Binəqədi rayon peşə liseyində aşbazlıq ixtisasına daxil olmuşdur. 4 iyun 2019-cu il tarixində həmin peşə liseyini başa vurub, bir neçə ay aşbaz kimi çalışmışdır. Samir Abbasov 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Samir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Samir Abbasov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Noyabrın 23-ü anadan olduğu Neftçala rayonu, Xolqaraqaşlı kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Abbasov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.