Vətən müharibəsinin şəhidi. Nihad Abbasov 2000-ci il iyulun 25-də Qax rayonunun İlisu kəndində anadan olub.2007-2018-ci Nizami Gəncəvi adına İlisu kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Nihad Abbasov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşlərindən sonra öz istəyi ilə Qax Hərbi Komissarlığına müraciət edib və Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə "baş əsgər" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycan Ordusunun baş əsgəri olan Nihad Abbasov 2020-ci il sentyabrın 27- də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abbasov oktyabrın 9-də Ağdərə istiqamətində şəhid olub. Qax rayonunun İlisu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nihad Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.