Elgün Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açmışdır.1992-ci ildə Laçın işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar. Orta təhsilini aldıqdan sonra Elgün hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir. MAHHXHQ əsgər Elgün Abbaslı 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak etmiş, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş, yaralıları döyüş meydanından çıxarmışdır. Noyabr aylarının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən Elgün Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Abbaslı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.