Bahadurlu Anar Süleyman oğlu 1992-ci ildə Sabirabad şəhərində anadan olub. Sabirabad 5 saylı Nizami Gəncəvi adına şəhər tam orta məktəbini bitirdikdən sonra yüksək balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 2013-cü ildə hüquqşünas ixtisasına yiyələnərək Bakıda yerləşən özəl hüquq firmaların birində çalışıb. 2014-cü ildə Tərtərtə yerləşən hərbi hissələrin birində əsgəri xidmətdə olub. Ordu sıralarından ehtiyata buraxıldıqdan sonra, təhsilini davam etdirmək üçün imtahanlara qatılır və yüksək bal toplayaraq magistr dərəcəsini almaq üçün Almaniyanın Münhen şəhərində yerləşən Universitetlərin birinə qəbul olunur. Orada dövlət hesabına magistr dərəcəsini aldıqdan sonra, Vətənə qayıdaraq dil kurslarına yazılır. Atası Süleyman Bahadurovun dediklərindən: - Anar türk, ingilis, rus və ərəb dillərini mükəmməl bilirdi. Çox vətənpərvər övlad idi. Təsadüfi deyil ki, öz arzularının üstündən xətt çəkərək ötən il sentyabrın 28- də müharibəyə yollandı. Ağcabədidə təlim keçdikdən sonra oktyabrın 3-də ön cəbhəyə göndərildi. Həmin tarixdən noyabrın 7-dək Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa döyüşlərində iştirak etmişdir. Noyabrın 6-da zəng edib məndən xeyir-dua aldı, dedi Laçın istiqamətində döyüşlərə gedəcəyik. İki gündən sonra, noyabrın 8-də şəhid olduğu xəbərini aldıq. Ölümündən sonra ölkə Prezidentinin sərəncamıyla “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir.