Namiq Bağırov 1984-cü il avqustun 30-da Masallı rayonunun Çaxırlı kəndində anadan olub.1990-2001-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. Namiq Bağırov 2001-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun çavuşu olan Namiq Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namiq Bağırov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunun Çaxırlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Bağırov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.