Vüsal Babayev 1992-ci il yanvarın 8-də Bakı şəhərinin Pirallahı rayonunun Pirallahı adasında anadan olub. O, Pirallahı rayon 186 nömrəli tam orta məktəbini bitirib. Ailəli idi, iki övladı yadigar qaldı. Ailəsi şəhid Vüsal Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə onun şəxsi əşyalarını Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb. Vüsal babayev orta məktəbi bitirdikdən sonra elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə Yerüstü artilleriya taqım komandiri kursunu bitirib. Vüsal Babayev 2015-ci ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə, sonuncu dəfə, 2018-ci ildə isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib. Bu müddətdə məsuliyyətli, peşəkar hərbçi mütəxəssis kimi Fəxri fərman və medalla təltif olunub. Vüsal bir çox hərbi təlimlərdə də iştirak edib. 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlayan kimi Vətəni canından artıq sevən cəsur zabit öz vəzifə borcunu yerinə yetirmək üçün ön cəbhəyə yollanır. Cəsur komandir Vüsal Babayev 2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrəmancasına ən ali məqama - şəhidlik zirvəsinə ucalır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.