0702133333

0702133333

Kamal Eynulla oğlu Babayev

Kamal Babayev 27 may 1991-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. 1997-ci ildə İsmayıllı rayon Xanəgah kənd ümumi orta məktəbinin 1-ci sinfinə getmiş, ardınca orta təhsilini İsmayıllı rayonun 1 saylı məktəbində tamamlamışdır. 2008-ci ildə 11 illik təhsilini başa vurduqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis etdiyi təhsil müəssəsəsində sürücü ixtisasına yiyələnib. Subay idi. Kamal Babayev 2009-cu il iyulun 8-i həqiqi hərbi xidmətə yollanıb․ "N" saylı hərbi hissədə xidmətini sürücü kimi davam etdirib․ 2 yanvar 2011-ci ildə hərbi xidmətini başa vurub․ Azərbaycan Ordusunun əsgəri olan Babayev Kamal, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Kamal Babayev oktyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamal Babayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.