Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb. Mirzə Axundov 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində, 2016-2019-cu illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 26.06.2008 "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley,26.06.2013 "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley,26.06.2014 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif edildi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.26.06.2018"Azərbaycan Ordusunun 100 illiyi" yubiley,26.06.2019 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları ilə təltif edildi. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzə Axundov oktyabrın 2-də Talış istiqamətində şəhid olub. Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.