Tərlan Atakişiyev 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.1983-1992-ci illərdə Göylər kənd tam orta məktəbində, 1992-1994- cü illərdə Nərimanov rayonunda yerləşən Kimya-Biologiya təmayüllü məktəb- liseydə təhsil alıb. Ali təhsilini 1994-1998-ci illərdə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Ailəli idi. İki oğlu yadigar qaldı. Tərlan Atakişiyev 1998-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1998-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsi altında xidmət edib. Azərbaycan Ordusunun leytenantı olan Tərlan Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Atakişiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Atakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.