0702133333

0702133333

İqbal İlqar oğlu Astanlı

Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə N.Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2015-2019-cu illərdə Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2019-cu ildən Ağcakənd kəndi yaxınlığında Ballıqaya istiqametində və Mingəçevir rayonunda yerləşən N saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçmişdir. İqbal kiçik yaşlarından idmanla məşğul olmuş, respublikada keçirilən idman yarışlarında güləş üzrə dəfələrlə çempion olmuş, müxtəlif medallarla təltif olunmuşdur. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi. Astanlı İqbal Biləsuvar rayonun savadlı, aktiv gənclərindən olub, Gənclər siyasətinin rayonumuzda və respublikamızda həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən Fəxri Fərman və diplomlara layiq görülmüşdür. İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş , Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhid İqbal Astanlı 29 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu məzarıstanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Astanlı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.