0702133333

0702133333

Əhməd Tahir oğlu Amanov

Əhməd Amanov 4 sentyabr 1994-cü ildə Yevlax rayonunun Salahlı kəndində anadan olub.2000-2001-ci tədris ilində Salahlı kənd B.Alıyev adına tam orta məktəbin birinci sinfinə daxil olub. Anası xərçəng xəstəliyindən əziyyət çəkdiyinə görə, Əhməd 2009-cu ildə 9-cu sinifdə olarkən təhsilini dayandırmışdır. Ailəli idi. 1 yaşında olan Tahir adlı bir oğlu yadigar qaldı. 1 oktyabr 2012-ci ildə Horadiz şəhərində kəşfiyyatçı çavuş olaraq xidmət etmişdir. 2014-cü ildə xidmətini başa vurduqdan sonra bir müddət Hərbiləşdirilmiş Mühafizə Dəstəsində (HMD) işləmişdir. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Əhməd Gəncədə yerləşən "N" saylı hərbi hissədə tankçı, baş mexanik, sürücü olaraq xidmət etmişdir. Sonra isə Mingəçevirdə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Türkiyədən gələn hərbi təlimçilərlə keçirilən təlimlər zamanı Əhməd Amanov dərəcəyə layiq görülmüşdür. Əhməd Amanov 12-16 iyul 2020-ci illərdə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlayan Tovuz döyüşlərində tankçı kimi yaxından iştirak etmişdir. General-mayor Polad Həşimov ilə birlikdə vuruşmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əhməd Amanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə tankçı olaraq vuruşmuş və fərqlənmişdir. 28 sentyabr 2020-ci ildə qarşı tərəfin intensiv atəşi səbəbilə tankının yanması nəticəsində şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Amanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.