Seymur Allahverdiyev 1985-ci il iyunun 1-də Gədəbəy rayonunun Parakənd kəndində anadan olub.Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun kiçik çavuşu olan Seymur Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Seymur Allahverdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 29.12.2020-ci il tarixində Gədəbəy rayonunun Parakənd kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Seymur Allahverdiyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.