Rövşən Allahverdiyev 1991-ci il noyabrın 10-da Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub.1998-2009-cu illərdə Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Rövşən Allahverdiyev 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətinə Beyləqan rayonunda, "Həmlə" Taborunda davam edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Rövşən Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Allahverdiyev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağcabədi rayonunun Qaraxanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.