Elşad Allahverdiyev 5 aprel 1997-ci ildə Göygöl rayonunda anadan olmuşdur.Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini başa vurduqdan sonra Rusiya Federasiyasının Omsk şəhərində Ali Hərbi Tank Akademiyasında ali təhsil almışdır. Elşad Allahverdiyev 5 il sonra akademiyadan məzun olmuş və Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə hərbi vəzifəsinə başlamışdır. 26.06.2018 "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edildi. Azərbaycan Ordusunun baş leytenantı olan Elşad Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşmuşdur. Döyüşlər bitdikdən sonra tank əleyhinə minaların təmizlənməsi əməliyyatında iştirak etmişdir. Elşad Allahverdiyev 23 noyabr 2020-ci ildə Şuşa şəhərində minaya düşərək şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Allahverdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşad Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.