Tapdıq Ağayev 1990-cı il dekabrın 2-də Qəbələ rayonunun Tüntül kəndində anadan olub.1996-2005-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə isə Sənaye-Pedaqoji Kollecində təhsil alıb. Tapdıq Ağayev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Tapdıq Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tapdıq Ağayev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Qəbələ rayonunun Tüntül kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Ağayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tapdıq Ağayev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.