Ağamalı Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub.2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ağamalı Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağamalı Ağayev oktyabrın 19-da Füzuli döyüşləri zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsi nəticəsində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi