0702133333

0702133333

Səyyad Əliyar oğlu Ağahüseynli

Səyyad Ağahüseynli 30 yanvar 2002-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Səyyad Ağahüseynli 2020-ci il sentyabrın 27- də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Döyüş meydanında qarşı tərəfin canlı qüvvəsini zərərsizləşdirmiş, texnikasını məhv etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir. 20 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 21 oktyabr 2020-ci ildə doğulduğu Cəlilabad rayonunun Qarazəncir kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səyyad Ağahüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səyyad Ağahüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.