Hafiz Abdurrəhmanov 1989-cu il noyabrın 21-də Şəmkir rayonunun Sabirkənd kəndində anadan olub. 1997-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində yerləşən S. Rüstəmov adına tam orta məktəbində 1-ci sinifə getmiş, 2005-ci ilə qədər həmin məktəbdə təhsil almışdır. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olmuş, 2008- ci ildə Liseyi bitirmişdir. Elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2012-ci ildə Ali Hərbi məktəbi leytenant rütbəsi ilə bitirmişdir. 2012-2013-cü illərdə Texniki Təlim Mərkəzində təhsil almışdır. 2013-cü ildən Sumqayıt şəhərində yerləşən N nömrəli hərbi hissədə xidmətə başlamışdır. 2014-cü ilin əvvəlindən Qusar rayonunda yerləşən N nömrəli hərbi hissədə bölük komandiri vəzifəsində çalışmışdır. 2015-ci ildə həmin hərbi hissədə xidməti dövründə baş leytenant rütbəsini almışdır. 2015-ci ilin payızından etibarən Bakı şəhərində yerləşən N nömrəli hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir. 26.06.2018 "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edildi. 2019-cu ilin payızından etibarən Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə mühəndis-istehkam bölük komandiri vəzifəsində xidmətini davam etdirmişdir.2020-ci ilin 26 iyun tarixində kapitan hərbi rütbəsini almışdır. Azərbaycan Ordusunun kapitanı olan Hafiz Abdurrəhmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Hafiz Abdurrəhmanov noyabrın 2-də Ağdərə döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmid Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hafiz Abdurrəhmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.