Mərahim Abdullayev 27 mart 2002-ci ildə Şəmkir rayonu Keçili kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətinin ilk 5 ayından sonra Vətən müharibəsi başlamışdır. O, müharibənin ön cəbhəsinə könüllü olaraq atılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.