Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda doğulmuşdur. 2001-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 nömrəli tam orta məktəbə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdu. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmişdir. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra idmanın karate-do növü ilə məşğul olmuş, bir sıra nailiyyətlər əldə etmişdir. 8 sentyabr 2020-ci il tarixindən MAXE hərbi qulluqçu kimi fəaliyyətə başlamış, daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində iştirak etmiş, böyük şücaət göstərmişdir. 6 noyabr 2020-ci ildə Şüşa şəhərinin Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. 12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Abdullayev Həsən Qərib oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020- ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.