Gündüz Abdullayev 1999-cu il dekabrın 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-2018-ci illərdə Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb. Gündüz Abdullayev 2018-2020-ci illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Gündüz Abdullayev 2020-ci il sentyabrın 27- də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Gündüz Abdullayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. 17 dekabr 2020-ci il tarixindəBiləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gündüz Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021- ci il tarixli Sərəncamına əsasən Gündüz Abdullayev "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.