0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Məktəb təlim-tərbiyə ocağı, elm öyrənmə beşiyidir. Məktəbin əsas məqsədi cəmiyyət üçün vətənpərvər, savadlı, dünyagörüşlü, bacarıqlı şəxsiyyətlər yetişdirməkdir. Hər kəs kiçik yaşlarından məktəbə gedir, elmin sirlərinə məhz o müqəddəs məkanda yiyələnir, çünki kiçik yaşda öyrənilən bilik daş üzərinə yazılmış yazı kimidir, heç vaxt unudulmaz, lakin müəyyən olunmuş yaş həddini keçdikdən sonra öyrənilən bilik isə su üzərinə yazılan yazıya bənzər ki, tez unudular.

Dünyanın hər yerində müxtəlif tipli məktəblər var.Azərbaycan Respublikasında da çox sayda məktəblər, gimnaziyalar, liseylər, universitetlər yaradılıb.Bunun nəticəsidir ki, ölkəmizdə oxuma-yazma faizi dünyanın bir çox ölkələrinin statistikasından yüksəkdir.

Azərbaycanın sayca ən çox məktəbləri Bakı şəhərindədir. Bunlardan biri də Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 262№-li tam orta məktəbdir.Məktəb 1979-cu ildə tikilib,1980-ci ildə isə fəaliyyətə başlayıb.40 ildən çoxdur ki, Türkan qəsəbə sakinlərinin övladlarının elm, bilik almasına xidmət göstərir. Məktəbin ilk direktoru Eminov Mehman olmuşdur. O, 1991-ci ilədək məktəbə rəhbərlik etmişdir.1991 –ci ildə məktəbə direktor Cəfərov Qafar təyin olunmuşdur.Qafar müəllim 30 ilə yaxın müddətdə məktəbə rəhbərlik edərək 2020-ci ildə bu vəzifədən azad olmuşdur.17.09.2021-ci ildə Babayeva Kəmalə İsmayıl qızı məktəbdə direktor vəzifəsinə təyin olunur.Hal-hazırda məktəbə rəhbərlik edir.

262 №-li tam orta məktəb 1176 yerlikdir.Məktəbdə 1000-dək şagird təhsil alır.Hər il 100-lərlə məzun məktəbi bitirir,10-larla şagird ali məktəblərə qəbul olur, kollec, peşə və orta təhsil ocaqlarında təhsilini davam etdirirlər.Məktəbin 100-dək savadlı, peşəkar pedoqoji və işçi kollektivi şagirdlərin təlim-tərbiyəsində, sağlam və ziyalı nəsil kimi yetişməsində səylə xidmət göstərir.Məktəbdə 2021-ci ildə Kiçik Akademiya yaradıldı. Bu da bacarıqlı, istedadlı araşdırmaya meylli şagirdlərin üzə çıxmasında mühüm rola malik bir təşkilatdır.

Məktəb 2008-ci ildə Xəzər rayonunun deputatı olmuş Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən əsaslı təmir olunaraq yenidən istifadəyə verilmişdir.Məktəb iki korpusdan ibarətdir.Ön tərəfdəki əsas korpus 3, arxa korpus isə 2 mərtəbəlidir.Ön korpusda sinif otaqları,direktorun otağı və müəllimlər otağı , arxa korpusda isə geniş idman zalı, akt zalı, bufet,kitabxana, “Uşaq birliyi”otağı, pandemiyaya uyğunlaşdırılmış karantin otağı, psixoloq otağı, hərbi hazırlıq otağı yerləşir.

Haqqında

Bakı şəhəri Xətai rayonu 263 nömrəli tam orta məktəb şəhid Allahverdi Xəlilov Sabir oğlunun adını daşıyır. Məktəb 1980-ci ildə inşa edilmiş,1981-ci ildən fəaliyyət göstərir.Məktəbimiz 1 və 3 mərtəbəli olmaqla birtipli tədris korpusundan, böyük akt zalından, bufetdən, kitabxanadan, 1 idman zalından, kimya, fizika, biologiya fənn laboratoriyalarından ibarətdir. Həyətyanı sahəsi olduqca böyükdür. Məktəbin həyətində futbol meydançası var. Məktəb 2013-cü ildə əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir.

Məktəbdə 154 nəfər müəllim çalışır.Cari dərs ilində 1400 şagird təhsil alır.Məktəb 1176 yerlikdir, 3 mərtəbəlidir, 70 sinif otağına malikdir. Siniflərdə orta sıxlıq 24 nəfər təşkil edir.Məktəbdə bütün fənləri ixtisaslı müəllimlər aparır. Məktəb 5 günlük iş rejimində, 2 növbədə işləyir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə 2012-2013-cü ildə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak etmiş və qalibi olmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirinin 08 iyun 2015-ci il tarixli 644 nömrəli "Tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi və pilot müəssisələrin 2015 - 2016 - cı dərs ili üçün tədris planlarının təsdiqi haqqında" əmrinə müvafiq olaraq məktəbimiz pilot təhsil müəssisəsi kimi təsdiq edilmişdir. Həmin əmrə müvafiq olaraq 2015-2016-cı tədris ilindən başlayaraq məktəbin 10 və 11 -ci siniflərində texniki fənnlər təmayüllü, riyaziyyat-iqtisadiyyat təmayüllü və humanitar təmayüllü pilot siniflər fəaliyyət göstərir. Şagirdlər 6(altı) və 10(on)-cu siniflərdən etibarən öz arzu,istək və maraqlarına uyğun olaraq "Dillər və ədəbiyyat", "Təbiət fənləri", "İctimai fənlər", "Texniki" fənlər üzrə komplektləşdirilir. Məktəb kabinet sistemində fəaliyyət göstərir, hər bir kabinet əyani vəsaitlərlə zənginləşdirilmişdir. 2016-2017-cı tədris ilindən etibarən məktəbimizdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbimizdə dərslər Azərbaycan bölməsi üzrə tədris edilir.

2016-2017-ci tədris ilini IX sinif şagirdlərindən 6 nəfər ümumi orta təhsil haqqında fərqlənmə attestatı ilə bitirmişdir. XI sinif şagirdlərindən isə 1 nəfər tam orta təhsil haqqında fərqlənmə attestatı ilə bitirmişdir.1 nəfər XI sinif şagirdi Həsənli Zəminə Elçin qızı xüsusi nümunəli attestat və qızıl medal ilə məktəbi bitirmişdir. 2016-2017-ci tədris ilində məzunlarımızın Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul faizi 72% olmuşdur.4 nəfər şagird 650 baldan yuxarı nəticələr əldə edərək ali məktəbə qəbul olmuşlar. Bir nəfər şagirdimiz Həsənli Zəminə Elçin qızı 696 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasının “Hüquq” fakültəsinə daxil olmuş və Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Məzunlarımızın əksəriyyəti yüksək balla istədikləri ali məktəblərə qəbul olunmuşlar. Məzunlarımızdan xarici ölkə ali məktəblərində təhsil alanlar da var. Məzunlarımız müxtəlif dövlət və özəl sektorlarda çalışırlar.

2017-2018-ci il tədris ilini IX sinif şagirdlərindən 4 nəfər ümumi orta təhsil haqqında fərqlənmə attestatı, XI sinif şagirdlərindən isə 5 nəfər tam orta təhsil haqqında fərqlənmə attestatı ilə bitirmişdir. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul faizi isəv 71% olmuşdur. 3 nəfər şagird 650 baldan yuxarı nəticə əldə edərək ali məktəbə qəbul olmuşdur.

2018-2019-cu il tədris ilini XI sinif şagirdlərindən 7 nəfər 600 baldan yuxarı, 7 nəfər isə 500 baldan yuxarı nəticə toplamışdır.

Haqqında

Xətai rayonu 265 nömrəli məktəb 1983-cü ildən fəaliyyət göstərir. Məktəbimiz Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə şəhid olan məzun MirYusif Yusifovun adını daşıyır. Bina üç mərtəbəlidir və 1200 yerlikdir. Məktəbimiz 5 günlük iş rejimi ilə iki növbədə işləyir. Məktəbdə 99 nəfər müəllim çalışır. Onlardan 96 nəfər ali, 8 nəfər orta ixtisas təhsillidir. Cari dərs ilində məktəbin 53 sinfində 1310 şagird təhsil alır. Məktəbimiz 2010/2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində "ilin məktəbi" adına layiq görülmüşdür. Bu il Məktəbimiz Dövlət başçısının sərəncamı ilə təsdiq edilən " 2014-2016 cı il Bakı və ətraf qəsəbələrin sosial inkişafı" Proqramına uyğun olaraq əsaslı təmir edilmişdir. 5 sentyabr 2016-cı il tarixində ölkə prezidenti Cənab İlham Əliyev məktəbimizdə olmuş,əsaslı təmirdən sonra görülən işlər və yaradılan şəraitlə yaxından tanış olmuşdur. Təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məktəbdə mütəmadi olaraq açıq dərslər, dəyirmi masalar və görüşlər keçirilir. Məktəb "Yeni təlim metodlarının tətbiqi" problemi üzərində işləyir. Milli kurikulumla əlaqədar məktəb müəllimlərinin bir hissəsi treninqlərdən keçirilmiş, "Milli kurikulum", "Kurikulumu öyrənirik" guşələri yaradılmışdır. Məktəbimizin pedaqoji kollektivi ümummilli liderimiz H.Əliyevin gənc nəslin tərbiyəsi ilə bağlı ənənələrinə hər zaman sadiq qalır və şagirdlərin elmə marağının daha da artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılmasında əllərindən gələni əsirgəmirlər.

Haqqında

266 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Milli qəhrəmanı Fəxrəddin Nəcəfovun adını daşıyır. Bu təhsil müəssisəsi 1982-ci ildən fəaliyyət göstərir. Məktəb birtiplidir və bir korpusdan ibarətdir, 500 yerlikdir. Məktəb 20 iyun 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Ən Yaxşı Ümumtəhsil Məktəbi" adına laiq görülmüşdür. Məktəb 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə əsaslı təmir edilmiş və yenidənqurma işləri aparılmışdır. Hal-hazırda məktəbimizdə 8 inzibati işçi, 71 müəllim və 15 nəfər texniki heyət çalışır. 686 şagird 26 sinif və 2 məktəbəhazırlıq üzrə komplektləşdirilmişdir. Təhsil müəssisəsi yalnız Azərbaycan bölməsindən ibarətdir. Dərslər həftədə 5 gün və 1 növbədə keçirilir.

Haqqında

Tədris ocağı 1982-ci ildən məktəb, 2008-ci ildən isə məktəb-lisey kimi fəaliyyət göstərir. Məktəb-liseydə təlim iki dildə aparılır. Xarici dillərdən ingilis, rus və ərəb dilləri öyrədilir. 267 nömrəli məktəb - liseydə ingilis dili pilot məktəb kimi intensiv öyrədilir. Hal - hazırda məktəb - liseydə 65 sinifdə 1791 nəfər şagird təhsil alır. Məktəb - liseydə müasir tələblərə cavab verən fizika,kimya,biologiya kabinetləri, kompüter otaqları,akt zalı, idman zalı, futbol meydançası və zəngin kitabxana vardır. Məktəb-lisey "Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili" çərçivəsində keçirilən "İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim - tərbiyə müəssisəsi" müsabiqəsinin qalibi olmuşdur (2004). Məktəb-lisey 2008-2009-cu dərs ilində keçirilən “ Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.2018-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin BP şirkəti ilə birgə keçirdiyi “ Orta məktəblərin yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək ” pilot layihəsi məktəb-liseydə tətbiq olunur. “STEAM layihə” - sinin tətbiq olunduğu məktəblərdən biri olaraq, 1 qrup müəllim təlim keçmişdir. “STEAM layihə” – sindən irəli gələn məsələlər icra edilir. Məktəb-liseydə bir nəfər əməkdar müəllim iki nəfər isə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi fəaliyyət göstərir.

Haqqında

Bakı şəhəri Xətai rayonu R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin əsası 1984 cü ildə qoyulmuşdur. Elə həmin ildən tədris ocağı kimi fəaliyyətə başlamışdır.

Hal hazırda məktəbimizdə 132 müəllim çalışır. 71 sinifdə şagirdərin sayı 2110 nəfərdir. Məktəb ikinövbəli iş rejimində fəaliyyət göstərir.

Bu təhsil ocağını fərqləndirən cəhətlərdən biri də "Sağlam bədəndə sağlam ruh olar" şüarını əldə tutaraq idman sahəsinə üstünlük verilməsidir.

Dəfələrlə basketbol və voleybol üzrə keçirilən məktəblərarası yarışlarda birincilik əldə edilmişdir.

Məktəbimizdə son əsaslı təmir işləri 2012-ci ildə aparılmışdır.

Şagirdlərimiz müxtəlif şəhər və Respublika olimpiadalarında , musiqi, rəsm və s. yarışlarda iştirak edərək uğur qazanmışlar. Şagirdlərin idman sahəsindəki qələbələri bizi çox sevindirir. Məktəbimiz ötən dərs ilində bir çox nailiyyətlərə imza atmış, müxtəlif layihələrdə iştirak etmiş və qaliblər arasında yer almışdır.

Məktəbimizin kollektivi öz işinə vicdanla , böyük məsuliyyətlə yanaşır, şagirdlərin daha çox bilik və bacarıq qazanması üçün əlavə üsul və vasitələrdən istifadə edir, təhsillərini artırır, öz üzərlərində müntəzəm olaraq çalışırlar.

Ümidvarıq ki, dövlətin təhsil sahəsində qarşımıza qoyduğu bütün vəzifələrin öhdəsindən kollektivimiz bundan sonra da müvəffəqiyyətlə gələcəkdir.

Məktəbdə yüksək tədris mühitinin yaradılmasına,keyfiyyətli təhsil şəraitinin təmin edilməsinə,şagirdlərə akademik biliklər verməklə yanaşı onların müstəqil düşüncəyə malik,milli mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşmasına,vətənpərvərlik,dövlətçilik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirilir.