0702133333

0702133333

Azərbaycan məktəbləri

Haqqında

Bakı şəhəri C.Rəhimov adına 146 nömrəli tam orta məktəbin I binası 1961-ci ildə, II binası isə 2015-ci ildə istifadəyə verilmişdir. Məktəb 1520 şagird yerlikdir. I bina 4 mərtəbədən, II bina 3 mərtəbədən ibarət olan məktəb binasında 70 sinif otağı vardır. Məktəbdə 1458 şagird 58 sinifdə, bir növbədə təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə məktəbdə 91 müəllim məşğul olur. Məktəbdə kimya, biologiya, fizika fənn laboratoriyaları və 5 informatika kabineti fəaliyyət göstərir. Məktəbdə 4 ədəd mimio, 4 ədəd ağıllı löhvə vardır, 38 ədəd stolüstü kompüter və 8 ədəd noutbook vardır. Məktəbdə 2019-2020-ci tədris ilindən "Rəqəmsal bacarıqlar", 2021/2022-ci tədris ilindən isə "İcma əsaslı təhsil" layihəsi həyata keçirilir. Məktəbin I binası 2012-ci ildə əsaslı surətdə təmir olunmuşdur. Məktəb 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Son 10 ildə məktəbin 25-dən çox məzunu ali məktəblərə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 2020/2021-cı tədris ilində 1 şagirdimiz 610 bal toplamışdır. 5 nəfər məzun isə prezident təqaüdünə layiq görülmüşdür. Dəfələrlə məktəbin şagirdləri fənn olimpiadalarında müxtəlif yerləri tutaraq diplom almışlar. 30-dan çox şagird son 10 ildə rayon, şəhər, respublika və beynəlxalq idman yarışlarında iştirak edərək 1-ci və 2-ci dərəcəli diplomlar almışlar.

Haqqında

148 nömrəli tam orta məktəb Azərbaycanın Milli qəhrəmanı, məktəbin keçmiş məzunu olmuş Akif Qambayzadənin adını daşıyır. Məktəb Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin 65 ünvanında yerləşir. Məktəb 1935-ci ildə inşa olunub.Əvvəlcə hərbi hospital kimi fəaliyyət göstərib.1937-ci ildən isə məktəb kimi fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi illərdə öz məzunları ilə həmişə fərqlənib. Belə ki,məzunları içərisində tanınmış, dövlət və elm xadimləri məktəbin adını həmişə tanıtmışlar.Məktəbdə 2007-ci ildə 360 yerlik əlavə korpus inşa olunub. Əsas korpus isə qəza vəziyyətində olduğu üçün sökülmüş və 2015-ci ildə 528 nəfərlik yeni məktəb binası inşa olunmuşdur.Yeni məktəb binasının açılışında Cənab Prezident İlham Əliyev şəxsən özü iştirak etmışdır. Məktəbdə 952 şagirdin təlim-tərbiyəsi ilə 74 müəllim məşğul olur. Məktəb fəaliyyətində öz keçmiş ənənələrinə daim sadiq qalaraq, təhsil prosesinin təşkili və inkişaf etdirilməsində əzmlə çalışır. Rayon, şəhər və respublika səviyyələrində keçirilən müxtəlif tədbir və yarışlarda uğurla iştirak edir. Fənn olimpiadalarında, ali məktəbə qəbul prosesində də məzunlarımız daima yüksək nəticələr əldə edirlər.Məktəbdə istedadlı şagirdlər daima diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq ,"İstedad bankı", müxtəlif fənlər üzrə "Test bankı","Gəlin tanıyaq"və "Ayın lideri" guşələri təşkil olunub. Məktəbin istedadlı uşaqlardan təşkil olunmuş xalq alətləri ansamblı, rəqs qrupu,futbol komandası, xor dərnəyi, rayon və şəhər səviyyələrində keçirilən tədbirlərdə yaxından iştirak ediblər. Məktəbin idarə olunmasında valideyn komitələri və şagird kollektivi də yaxından iştirak edirlər. Belə ki,məktəbdaxili intizamın möhkəmləndirilməsi məqsədilə məktəbdə radio qovşağı fəaliyyət göstərir.Hər gün radio vasitəsilə davamiyyət,görülən tədbirlər,Təhsil Nazirliyinin yeni xəbərləri,təklif və tövsiyələri şagirdlərin öz çıxışları ilə bütün məktəb kollektivinə çatdırılır ki ,bu da siniflər arasında sağlam rəqabətin gücləndirilməsinə səbəb olur.

Haqqında

Məktəb 1935-ci ildə tikilmiş və 1946-ci ildən məktəb kimi fəaliyyətə başlamışdır. Məktəb binası 350 şagird üçün nəzərdə tutulmuşdur. Məktəbimiz qəhrəman Elçin Şəmiyevin adını daşıyır. Elçin Şəmiyev 18 yanvar 1965-ci ildə anadan olmuşdur. O,orta təhsilini Binə qəsəbəsindəki 117 saylı məktəbdə almış, 101 saylı peşə məktəbini bitirmişdir.O,1992-ci il 26 fevral tarixində Xocalı rayonunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Daha sonra 2007-ci ildə 1000 nəfər şagird üçün əlavə korpus tikilmişdir və hazırda 2 növbədə 4002 şagird təhsil alır. Məktəb 2 növbəli 135 sinif olmaqla 6 günlük iş rejimi ilə işləyir. 62 sinif ibtidai,73 sinif isə V-XI sinifləri əhatə edir.Məktəbdə 203 müəllim fəaliyyət göstərir. Şagirdlərimiz 2015-2016-ci ildə keçirilən Lütfi-zadə adına Məntiq olimpiadasında 1 qızıl,1 bürünc,2016-2017-ci ildə Dünya məktəbi və Xəzər Universitetinin təşkil etdiyi "Riyaziyyat ağlın simasıdır" olimpiadasında 3 qızıl,1 bürünc medalla təltif olunmuşdular.Tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar Allahverdiyeva Farizə və Şükürlü Ləman qızıl medalla təltif olunmuşdur. 2015-2016-cı il 11-ci sinif buraxılış imtahanında Arzu Abdullayeva 690 bal toplamışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2010-cu il tarixli, 997 nömrəli sərəncamı ilə Bakı şəhəri 149 nömrəli tam orta məktəb 2009/2010- cu tədris ilində keçirilmiş "50 ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi, 2015-2016-cı tədris ilində də yenidən 2-ci dəfə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Haqqında

Bakı şəhəri Yasamal rayonu Faiq Rzayev adına 150 nömrəli tam orta məktəb 1935-ci ildə inşa edilmişdir. İnşa edildiyi ildən bu günə kimi orta məktəb kimi fəaliyyət göstərmişdir. Məktəb iki mərtəbədən ibarətdir. 2013-cü ildə məktəb binası əsaslı təmir olundu və əlavə olaraq yeni bir tədris korpusu da tikildi. Yeni tədris korpusu 3 mərtəbədən ibarətdir. Korpus idman və akt zalları, müasir tələblərə cavab verən və tədris texnologiyaları ilə təzhiz edilən sinif otaqlarından ibarətdir. Məktəbdə 67 işçi çalışır. Onlardan 54 nəfəri müəllim, 13 nəfər isə texniki işçidir. Hal-hazırda məktəbdə 402 şagird təhsil alır. Məktəbin məzunları arasında elm və mədəniyyət sahəsində nailiyyətləri olan tanınmış şəxslər vardır.

Haqqında

151 nömrəli tam orta məktəb 1935-ci ildən fəaliyyət göstərir. Məktəbdə 1988-ci ilədək tədris yalnız rus dilində olmuş, 1988-ci ildən isə Azərbaycan bölməsi də fəaliyyət göstərməyə başlamışdır. Hazırda məktəbdə tədris hər iki dildə - Azərbaycan və rus dillərində aparılır. Əsas tədris binasından başqa, məktəbin ibtidai sinif otaqlarından, akt və idman zallarından ibarət iki korpusu da var. Məktəbin əsas tədris binası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, 2007-ci ildə əsaslı təmir edilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Yenə də möhtərəm Prezidentimizin sərəncamına əsasən, ibtidai sinif otaqlarından ibarət iki mərtəbəli yeni tədris korpusu, müasir standartlara cavab verən akt və idman zallarından ibarət ikinci korpus şagirdlərin istifadəsinə verilmişdir. Dövlətimizin məktəbimizə göstərdiyi bu diqqət və qayğı müəllim və şagird kollektivi, valideynlər tərəfindən böyük sevinc və rəğbətlə qarşılanaraq onların fəaliyyətində stimul yaratmışdır. Məktəbimizdə 27 sinifdə 602 şagirdin təlim-tərbiyəsi ilə 65 müəllim məşğul olur. Məktəb bir növbəli, beş günlük iş rejimi ilə işləyir. Məktəbdə fizika, biologiya və kimya laboratoriyaları, emalatxana, xidmət əməyi, informatika, şahmat və rəsm dərnəkləri otaqları, yeməkxana, akt və idman zalları, müxtəlif fənlər üzrə nəfis tərtib olunmuş kabinetlər, tibb otağı, müasir standartlara cavab verən kitabxana və digər xidməti otaqlar fəaliyyət göstərir. Məktəbimiz ixtisaslı müəllimlərlə tam təmin olunmuşdur. 65 nəfərdən ibarət pedaqoji heyətin 94 faizi ali təhsillidir, 5 müəllim ali kateqoriyalıdır, bir neçə müəllimimizin ayrı-ayrı fənlər üzrə rayon miqyasında iş təcrübəsi yayılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli 1581 nömrəli sərəncamı ilə məktəbimiz 2010-2011-ci tədris ilində respublika üzrə keçirilmiş 50 "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Haqqında

Təhsil nazirinin 19.04.2021-ci il tarixli, F-163 nömrəli əmrinə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.

Qeyd edək ki, Bakı şəhərində yaşayan yəhudi uşaqlar üçün açılmış "Xabad-Or-Avner" məktəbi 2003-cü ildən fəaliyyət göstərir.

Məktəb Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin razılığı və dəstəyi ilə açılıb.

Məktəbdə digər fənlərlə yanaşı, "Yəhudi mədəniyyətinin əsasları", “Yəhudi xalqının tarixi” öyrədilir və ikinci xarici dil kimi ivrit dili (ibri dili) tədris edilir.

2010-cu ildə "Xabad-Or-Avner” məktəbi üçün Heydər Əliyev Fondu və "Or-Avner” Beynəlxalq Fondu tərəfindən yeni bina inşa edilib. Yeni binanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev iştirak ediblər.

Müasir tələblərə uyğun inşa edilmiş məktəb Bakı şəhəri Xətai rayonunda 1,5 hektar torpaq sahəsində tikilmiş üçmərtəbəli kompleksdən ibarətdir.

Məktəbdə müvafiq tələblərə cavab verən yeməkxana, idman zalı, idman meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib.